“Oba” marketdə nöqsanlar aşkarlanıb
6 Mart 2021 11:28
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük savxozu, Əli İsazadə küçəsi ilə Yeni Hövsan yolunun kəsişməsində fəaliyyət göstərən, “Oba Market” MMC-yə məxsus “Oba” marketdə yoxlama keçirilib. Yoxlama zamanı marketdə sertifikatlaşdırılmadan İran İslam Respublikasından ölkəmizə gətirilən müxtəlif çeşidli süd məhsulları, balıq məhsulları, süfrə duzu, qənnadı məmulatları və müxtəlif növdə hazırlanmış giləmeyvəli alkoqolsuz içkilərin satıldığı, istifadə müddəti ötmüş, istehsal tarixi və son istifadə tarixi qeyd edilməyən pendirin satışa çıxarıldığı, kolbasa məhsulunun üzərində yararlılıq müddətindən artıq müddətin qeyd edildiyi aşkarlanıb. Eyni zamanda müəssisədə temperatur rejiminə riayət edilmədiyi, məhsulların saxlanılması üçün anbar sahəsinin təşkil edilmədiyi, qida məhsullarının qeyri-qida və istehlaka yararsız məhsullarla eyni sahədə saxlanıldığı, müxtəlif çəkilərdə qablaşdırılmış məhsulların üzərindəki istehsal tarixi, saxlama müddəti və digər məlumatların dəyişdirildiyi müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
Cəbrayılda ərzaq mağazasında saxta alkoqollu içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin Şərqi-Zəngəzur və Qarabağ regional bölmələrinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Cəbrayıl rayonu, Şükürbəyli kəndində fəaliyyət göstərən, Sultanlı Davud Məmməd oğluna məxsus ərzaq mağazasında “Organic Light” və “Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilərdə saxtalaşdırma əlamətləri müəyyən olunub. Belə ki, içkilərin həcminin fərqli olduğu və tərkibində kənar qarışıqlar (həşərat) aşkarlanıb. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsində məhsulun tündlük göstəricisi etiket məlumatı ilə uyğunsuzluq təşkil edib. Saxta alkoqollu içkinin satışının qarşısı alınaraq saxlanca verilib, məsələyə hüquqi qiymət verilməsi üçün faktla bağlı materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanına təqdim olunub. Araşdırmalar davam etdirilir.
Yasamalda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəcəfova Şəfiqə Qara qızına məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı, bişmiş çörəyin müvafiq temperaturda soyudulmadığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Nümunələr götürülərək labarator müayinələrə cəlb olunub. Müəssisədə nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
“Avromed Company” “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasına qoşulub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “Avromed Company” QSC-nin Baş icraçı direktoru Kamran İsgəndərov bioloji aktiv qida məhsullarının təhlükəsiz dövriyyəsi və düzgün istifadəsinin vacibliyinə diqqət çəkir. O bildirir ki, vitamin kompleksləri, balıq yağı, probiotik və kollagen tərkibli məhsullar gündəlik həyatımızın bir hissəsinə çevrilib. Bu kateqoriyaya aid məhsulların saxtalaşdırılması halları dünya miqyasında ciddi narahatlıq doğurur və nəzarət mexanizmləri zəif olduqda, insan sağlamlığı üçün real risk yaradır. Kamran İsgəndərovun sözlərinə görə, bu cür məhsullar qida rasionunu tamamlayır, lakin onu əvəz etmir. Buna görə də sağlam seçim etmək üçün yalnız rəsmi qeydiyyatdan keçmiş və etibarlılığı sübut olunmuş məhsullardan istifadə edilməlidir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Giriş