Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsi ilə bağlı nəzarət tədbirləri davam etdirilir
14 Oktyabr 2022 17:28
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrdən irəli gələrək ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində qida təhlükəsizliyi tələblərinə uyğun olaraq sanitar-gigiyenik vəziyyətin yoxlanılması, həmçinin vətəndaşların sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi ilə bağlı zəruri tədbirlər görülür.
Сari ilin müvafiq dövrü ərzində Agentlik tərəfindən 1668 ticarət və 1121 ictimai iaşə müəssisəsində monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı ticarət müəssisəsində 3945 nəfər, ictimai iaşə müəssisəsində isə 3643 nəfər işçinin tibbi müayinədən keçmədən işlədiyi müəyyən edilib.
Agentlik tərəfindən ticarət və ictimai iaşə müəssələrində aşkar olunmuş qanunsuz hallarla bağlı müvafiq tədbirlər həyata keçirilib. Aparılan planlı və plandankənar yoxlamalar zamanı 100 qida subyektində işləyən və tibbi müayinədən keçməyən 669 nəfər işçinin işdən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. 831 ticarət şəbəkəsi və 712 ictimai iaşə müəssisəsinin rəhbərinə obliqat qrupa daxil olan şəxslərin vaxtaşırı tibbi müayinələrə cəlb edilməsi ilə bağlı məktublar göndərilib. Obliqat qrupa daxil olan şəxslərin dövri tibbi müayinəyə cəlb edilməsi ilə bağlı 90 şadlıq evinin rəhbəri və 15 ticarət şəbəkəsinin nümayəndəsinin iştirakı ilə görüş keçirilib.
Qeyd edək ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, zəhərlənmələrin qarşısının alınması məqsədilə obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində vaxtaşırı tibbi müayinədən keçmələri və tibbi arayışlarla təmin olunmaları zəruridir.
Nəzərə almaq lazımdır ki, tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşların qida obyektlərində hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması qida məhsulları vasitəsilə insan sağlamlığında bir sıra fəsadların, o cümlədən mədə-bağırsaq pozuntuları ilə müşayiət olunan halların baş verməsinə, həmçinin qida zəhərlənmələrinə səbəb ola bilər. Bir sıra dəri və yoluxucu xəstəliklər də qida vasitəsilə xəstəlik daşıyıcılarından ötürülə bilər.
Agentlik bəyan edir ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri bu istiqamətdə öz üzərinə düşən məsuliyyəti dərk edərək məsələyə ciddi yanaşmalı və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etməlidirlər.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.