Özbəkistan səfiri AQTİ laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olub
29 Aprel 2021 18:02






Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanovla görüş keçirilib.
Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində əməkdaşlığın hazırkı vəziyyətinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb, həmçinin qonaqlara AQTİ-nin fəaliyyət istiqaməti barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində birgə elmi-praktiki araşdırmaların, tədqiqatların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin qida təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin əməkdaşlığın inkişafına töhvə verəcəyini bildirib.
Qonaqlar İnstitutun fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə AQTİ laboratoriyalarına baxış keçiriblər. Onlara laboratoriyaların fəaliyyət istiqaməti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, eyni zamanda maddi-texniki bazası barədə ətraflı məlumat verilib.
Səmimi görüşə görə təşəkkür edən səfir Azərbaycan və Özbəkistan arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
