Paytaxtda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb
4 Dekabr 2023 17:34
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində nəzarət tədbirləri həyata keçirilməkdədir.
Görülən genişmiqyaslı tədbirlər çərçivəsində dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin daha bir neçə rayonunda dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlər keçirilib.
Belə ki, Agentliyin müfəttişləri tərəfindən paytaxtın Binəqədi, Xəzər, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən bir sıra dönər satışı obyektlərində növbəti plandankənar yoxlamalar həyata keçirilib. Qeyd edək ki, monitorinqlər çərçivəsində həmin iaşə müəssisələrində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabları nəticəsində müxtəlif bakteriyalar və digər normativ tələblərin pozulması halları aşkarlanıb. Uyğunsuzluq müəyyən edilmiş aşağıda adları açıqlanan iaşə obyektləri ilə bağlı tədbirlər görülüb:
- Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Xırdalan-Binəqədi şosesi, ev 3H ünvanında fəaliyyət göstərən “Manqal Dönər”;
- Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozu, Vaqif küçəsində fəaliyyət göstərən "Dönəriyyo";
- Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən "Akdeniz" dönərxanası;
- Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, "Q" yaşayış sahəsində fəaliyyət göstərən “Dönərio".
Adları açıqlanan dönərxanalarda aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb. Həmçinin qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
Agentlik tərəfindən yoxlama-nəzarət tədbirləri davam etdirilir. Vətəndaşlar istehlak etdikləri qida məhsulları ilə bağlı şübhə yarandıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 14-18 aprel tarixlərində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Ağdaş, İmişli, Tovuz rayonlarında fəaliyyət göstərən 9 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Lənkəranda çörək istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi məlum olub
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lənkəran rayonu, Mamusta kəndində fəaliyyət göstərən, fiziki şəxs Dadaşova Mətanət Xani qızına məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin sanitar-gigiyenik tələblərin pozulduğu, xammalın saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehsal müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

“Diana” ailəvi istirahət mərkəzində ciddi nöqsanlar aşkarlanıb
Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda fəaliyyət göstərən, fiziki şəxs Hacıyev Ceyhun Telman oğluna məxsus “Diana” ailəvi istirahət mərkəzində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə etiket məlumatları olmayan məhsullardan istifadə edildiyi məlum olub. Həmçinin məhsulların saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, mətbəx sahəsinin tələblərə cavab vermədiyi, bəzi işçi masaların və stellajların asan təmizlənəbilən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində cərimə tətbiq olunub.