“Peşəkarlarla görüş” saatında qida təhlükəsizliyinə dair yeni sanitariya norma və qaydaları müzakirə olunub
11 Avqust 2021 15:53
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) SOVQAT layihəsi çərçivəsində növbəti “Peşəkarlarla görüş” saatı keçirilib.
Görüşdə cari ilin aprel ayında qüvvəyə minən qida təhlükəsizliyinə dair texniki normativ hüquqi aktlar barədə geniş müzakirə aparılıb, iştirakçılara qida təhlükəsizliyinə dair sanitariya norma və qaydaları ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Avropa Birliyinin 852/2004 (EC) saylı “Qida məhsullarının gigiyenası” normativ sənədi və Kodeks Alimentarius Komissiyasının CXC 1-1969 saylı “Qida gigiyenasına dair ümumi prinsiplər” standartına əsasən hazırlanıb. Qeyd olunub ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida məhsulları üzrə sanitariya norma və tələblərini müəyyən edir. Bu prinsiplər qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin və yararlılığının, ekvivalentliliyin (qida məhsullarının qüvvədə olan digər texniki normativ hüquqi aktların və beynəlxalq standartların tələblərinə cavab verməsi), eləcə də insanların həyat və sağlamlığının qorunmasının və qida təhlükəsizliyi sahəsində istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasına şərait yaradacaq.
Sonda qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinin təmin olunması məqsədilə yenidən hazırlanan “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya norma və qaydaları”nın əhəmiyyətindən, eləcə də qida təhlükəsizliyinə dair digər yeni tələb və qaydalar barədə sahibkarlara ətraflı məlumat verilib, görüş iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.