Qanunsuz fəaliyyət göstərən çörək istehsalı müəssisəsi aşkarlanıb
20 Noyabr 2023 10:37




Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 4 ünvanında yerləşən, fiziki şəxs Ələsgərova Güllü Bəhlul qızına məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin müəssisədə divar və tavan səthlərinin tamlığının pozulduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal məhdudlaşdırılıb.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Oxşar xəbərlər

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
1 dekabr 2023-cü il tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şəki rayonunda fəaliyyət göstərən 7 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Paytaxtda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində nəzarət tədbirləri həyata keçirilməkdədir. Görülən genişmiqyaslı tədbirlər çərçivəsində dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin daha bir neçə rayonunda dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlər keçirilib.

Ölkəmizə məhsulları ixrac olunan 272 xarici qida obyektində AQTA tərəfindən qiymətləndirmə aparılıb
Belə ki, cari ilin ötən dövrü ərzində 16 ölkənin müraciəti əsasında 272 xarici müəssisədə qiymətləndirmə aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən, həmin obyektlərdən 214-ü təsdiq, 20-si isə şərti təsdiq olunaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Uyğunsuzluqlar aşkarlandığı üçün İran İslam Respublikasında fəaliyyət göstərən “Yazd Moein Dam İndustrial Slaughterhouse Complex” və “Edalat Dam”, həmçinin Monqolustan Respublikasına məxsus “Choibalsan Group” və Pakistan Respublikasında fəaliyyət göstərən “Snow King Frozen Foods” müəssisələrinin təsdiqindən imtina olunub. Qiymətləndirmə aparılmış 34 obyektlə bağlı hesabatlara baxılması isə yekunlaşmaq üzrədir.
