Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
7 Noyabr 2024 11:39




Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib.
Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Oxşar xəbərlər

Ağsuda “Vəlxan” kafesində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri, Bakı-Qazax şosesi 157-ci km ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəsulov Vəlxan Burxan oğluna məxsus “Vəlxan” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati tədbir görülüb.

Süd emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası və süd emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirib. Onlayn formatda keçirilən görüşdə süd emalı müəssisələrində aparılan nəzarət tədbirləri zamanı aşkarlanan nöqsanlar, eləcə də çiy süddə Aflatoksin M1 üzrə uyğunsuzluqlar, onun yaranma səbəbləri və qarşısının alınması üçün görülməli olan qabaqlayıcı tədbirlər sahibkarların nəzərinə çatdırılıb. Eyni zamanda süd emalı müəssisələrinə dair mövcud tələblər, onların qida təhlükəsizliyi qeydiyyatına alınmasının vacibliyi vurğulanıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Astarada fəaliyyət göstərən marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Əliyeva Cəmilə Əli qızına məxsus “Hacıoğlu” marketdə keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə istifadə müddəti bitmiş ümumi çəkisi 49 kq müxtəlif növ qida məhsulu müəyyən edilib, həmçinin satışda olan yağ məhsullarının saxlanma temperaturuna əməl olunmadığı aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.
