Qaradağ rayonunda qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində reydlər keçirilib
2 Noyabr 2021 10:45
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentlik əməkdaşları antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin və rayon rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Qaradağ rayonunun Sahil qəsəbəsində reydlər keçirib. Reyd zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi yerlər aşkar edilib. Belə ki, baytarlıq nəzarəti həyata keçirilmədən ət məhsullarının satışa çıxarıldığı məlum olub. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirilmələri üçün zəruri məlumatlar verilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.
Oxşar xəbərlər
Bazarda satışa çıxarılan dana əti basdırmasında at DNT-si aşkarlanıb
Ucuz kolbasa məhsullarının satışı ilə bağlı mediada yayılan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C ünvanında fəaliyyət göstərən “Kəngərli” firmasına məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq keçirilib. Ət məhsullarından nümunələr götürülərək mikrobioloji göstəriciləri və tərkibindəki ətin mənşəyinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsində dana əti basdırması məhsulunda at DNT-si aşkarlanıb. Bununla əlaqədar, bazarda fəaliyyət göstərən fiziki şəxs Rzayev Azad Rza oğluna məxsus anbar və satış obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan kolbasa, dana əti basdırması, çaxır, konyak və pendirlərin satışa çıxarıldığı, “Nemiroff” əmtəə nişanlı araq, konyak və çaxır məhsullarının idxal sağlamlıq aktının olmadığı, həmçinin pendir və dana əti basdırması məhsullarının soyuducudan kənarda, temperatur rejimi gözlənilmədən saxlanıldığı, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu müəyyən edilib. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, satışa çıxarılan ət məhsulu, alkoqollu içki və pendirlərdən nümunələr götürülərək müayinələrə cəlb edilib.
Bazarlarda soyuq sıxım yağ məhsullarının emalı və satışı ilə bağlı monitorinq keçirilib
Bazarlarda mənşəyi məlum olmayan müxtəlif növ yağların hazırlanması və satışının həyata keçirilməsi, o cümlədən məhsulların emalı və saxlanma şəraitinə əməl edilməməsi ilə bağlı mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq aparılıb. Monitorinq zamanı iki bazarda qanunsuz olaraq yağların emalı və satışının həyata keçirildiyi müəyyən edilib. Bununla əlaqədar Bakı şəhərinin Nərimanov rayonu, Xətai prospekti 25 ünvanında fəaliyyət göstərən “Green Food Group” QSC-yə məxsus “Yaşıl” bazarda və Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C ünvanında “Kəngərli” bazarında plandankənar yoxlama keçirilib. Baxış zamanı soyuq sıxım yağ məhsullarının emalı ilə məşğul olan subyektlərin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, məhsulların emalı üçün sanitar-gigiyenik və sanitar-texniki şəraitin təmin olunmadığı, yağların hazırlanmasında istifadə olunan toxum xammallarının saxlanma qaydalarına əməl edilmədiyi, emal və satış proseslərində işçilərin gigiyenik norma və qaydalara riayət etmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə olunduğu və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək yağ emalı və satışı obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb, hazır məhsullar dövriyyədən çıxarılaraq satışı dayandırılıb, nöqsana yol verən şəxslər barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. “Kəngərli” bazarında fəaliyyət göstərən fiziki şəxs Şahvələdov Şalbuz Vəzir oğlu tərəfindən emal olunan soyuq sıxım zeytun yağı nümunəsində olein, linol və begen turşusu üzrə uyğunsuzluq müəyyən edilib. Belə ki, zeytun yağı nümunəsinin yağ turşu spektri qarğıdalı yağının yağ turşu spektri ilə eynilik təşkil edib. İstehlakçının aldadılmasına yönəlmiş qanunsuz halla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Sabunçuda “Aqat” şadlıq evində istehlakçıların aldadıldığı müəyyən edilib
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 18A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Axundov Ağəli Məhəmməd oğluna məxsus “Aqat” şadlıq evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şadlıq sarayında qonaqların istehlakına dana əti adı ilə təqdim olunan ətin müvafiq baytarlıq sənədi ilə təmin edilən camış əti olduğu, menyuda bununla bağlı hər hansı bir məlumat verilmədiyi müəyyən edilib. Camış əti qida təhlükəsizliyi riski yaratmasa da, bu hal istehlakçıların aldadılaraq hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Həmçinin yoxlama zamanı şadlıq evində soyuq qəlyanaltıların hazırlanması sahəsində işçi masaların səthlərinin tamlığının pozulduğu, mətbəx sahəsində rəflərin korroziyaya uğradığı, eləcə də digər sanitar-texniki və sanitar-gigiyenik nöqsanlar aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, müəssisədə hazırlanan yeməklərdən nümunələr götürülərək, laboratoriyaya təqdim edilib.
Giriş