Qaradağ rayonundakı qanunsuz heyvan kəsimi məntəqələrində monitorinqlər keçirilib
4 Avqust 2018 15:56








Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətini dayandırmaq məqsədi ilə Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə növbəti monitorinq keçirib. “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edib. Aparılan yoxlanış tədbirləri nəticəsində Qaradağ rayonunda fəaliyyət göstərən 20-yə yaxın qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında quraşdırılmış qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün monitorinqlər davam etdiriləcək və qanunla müəyyən olunmuş qaydada tədbirlər görüləcək.
Oxşar xəbərlər

Qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam etdirilir
Qəhvəyi mərmər bağacığının respublikada yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının ləğv edilməsi və fitosanitar sabitliyin qorunub saxlanılması məqsədilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan Regional Əlaqələndirmə Mərkəzinin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə İşçı qrupunun görüşü keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin əməkdaşları və yerli icra hakimiyyəti orqanlarının nüməyəndələri iştirak ediblər. Görüş zamanı Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verilib. Qarşıda duran cari problemlər və icrası vacib məsələlər müzakirə olunub. Qeyd edək ki, Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar Xətt” fəaliyyət göstərir. Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, zərərvericiyə qarşı mübarizə tədbirləri barədə məlumatlar əldə edə bilərlər: +994 99 708 85 88 (Qərb rayonları üzrə) +994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə)

Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan şəhəri, Magistral küçəsində fəaliyyət göstərən, Əliyev Asim Pəsi oğluna oğluna məxsus “Beyləqan” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə “Ağsu”, “Qafqazkaya“ və “Belaya” əmtəə nişanlı müxtəlif həcmli saxta spirtli içkilər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Saxta spirtli içkilərin satışı qadağan edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında aprelin 24-ü saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
