Qida məhsullarının etiketlənməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
7 Oktyabr 2022 15:31
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılmış dövlət nəzarət tədbirləri və monitorinqlər zamanı bir sıra hallarda idxal olunan qida məhsullarının etiketlənməsi, xüsusən dövlət dili ilə bağlı tələblərin pozulması hallarına rast gəlinib. Bununla bağlı müvafiq ardıcıl tədbirlər həyata keçirilərək, bu sahədə çalışan sahibkarlarla maarifləndirici görüşlər təşkil edilib.
“Yeyinti məhsulları haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunların müvafiq maddələrinə əsasən, Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların, o cümlədən yeyinti məhsullarının üzərindəki etiket və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. AQTA-nın müvafiq qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da da həmin müəddəalar öz əksini tapır.
Qeyd edək ki, bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədilə Agentlik tərəfindən ölkə ərazisində fəaliyyət göstərən qida subyektlərində monitorinqlərin həyata keçirilməsinə başlanılacaqdır. Monitorinqlər zamanı qida məhsullarının üzərindəki etiket və adların, onlardan istifadə qaydalarının Azərbaycan dilində olmaması halları aşkarlanarsa, həmin məhsulların ticarət şəbəkəsindən yığışdırılmaqla satışının qadağan edilməsi və geri çağırılması barədə qərarlar qəbul ediləcək, yalnız pozuntu halı aradan qaldırıldıqdan, məhsulların üzərinə azərbaycan dilində müvafiq stikerlər əlavə edildikdən sonra satışına icazə veriləcəkdir.
AQTA qida sahəsində fəaliyyət göstərən ticarət müəssisələrinə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır. Bildirilir ki, ölkə ərazisinə idxal edilən və ya satılan qida məhsullarının etiketlənməsi və onların izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilində olmaması kimi hallar aşkarlanarsa, bununla bağlı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.