“Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması Qaydası” təsdiq edilib
19 İyun 2023 17:17
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması Qaydası”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən, bu Qayda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb və qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün açıq reyestrinin aparılması qaydasını müəyyən edir. Reyestr qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması hallarına şamil edilmir. Reyestr insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının qorunması üçün qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar barədə məlumatların vahid mənbədə toplanması, emalı, axtarışı, təhlili, ötürülməsi və istifadəçilərin məlumatlandırılması məqsədilə aparılır. Reyestrdə olan məlumatlar istifadəçilər üçün açıqdır, ondan istifadə və məlumatların əldə edilməsi ödənişsizdir. Reyestr Azərbaycan Respublikasının mülkiyyətidir və onun saxlanılması Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Reyestrin formalaşdırılmasına, aparılmasına və arxivləşdirilməsinə dair bu Qayda ilə tənzimlənməyən digər məsələlər, o cümlədən Reyestrin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə digər dövlət informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq tənzimlənir.
Reyestr qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar barədə məlumat toplusundan ibarət informasiya ehtiyatı, istifadəçi normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestrdən informasiya əldə edən və ya informasiyadan istifadə edən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslər, sahib normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestr üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə Reyestrin aparılmasını təmin edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidir. Reyestrin sahibi eyni zamanda onun operatoru funksiyalarını həyata keçirir.
Reyestr Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə aparılır, onun texnikitexnoloji infrastrukturuna uyğun şəkildə formalaşır və aşağıdakı modullardan ibarətdir:
- “məlumatların daxil edilməsi” modulu;
- “məlumatlara baxış” modulu;
- “hesabatlar” modulu.
Reyestrin strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:
- “məlumatların daxil edilməsi” modulu vasitəsilə bu Qaydanın 4.3-cü bəndində qeyd olunan məlumatların daxil edilməsi;
- “məlumatlara baxış” modulu vasitəsilə Reyestrdə toplanılmış məlumatların axtarışı və məlumatlara baxılması;
- “hesabatlar modulu” vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtib edilməsi.
Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
- qida məhsulunun xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodu;
- qida məhsulunun adı;
- qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) zərərin təsvirinə və sübutuna dair məlumat;
- qida təhlükəsizliyi göstəricisi;
- qida təhlükəsizliyi göstəricisinin qida məhsulunu təhlükəli edən həddi;
- qadağan olunmuş inqrediyentin adı;
- istinad edilən texniki normativ hüquqi aktların rekvizitləri;
- təhlükəli qida məhsulları barədə məlumat.
Reyestrə daxil edilən məlumatlar istinad üçün rəsmi mənbə hesab olunur. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında həyata keçirilir. Nəzərdə tutulmuş qida məhsullarının təhlükəli halları barədə məlumatlar elmi sübutlar və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar əsasında sahib tərəfindən Reyestrə daxil edilir və daim yenilənir. Əldə edilən yeni məlumatlar (qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması halları istisna olmaqla) dərhal sahib tərəfindən Reyestrə daxil edilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Reyestrin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Reyestrin və Reyestrdə saxlanılan məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görür. Reyestrin fəaliyyətinin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, habelə Reyestrdə yaranan nasazlıqların aradan qaldırılması məqsədilə Reyestrin sahibi təxirəsalınmaz tədbirlər görür. Reyestrin texniki parametrlərində istifadəçilər tərəfindən Reyestrin fəaliyyəti ilə bağlı sahibə təkliflər verilməsi imkanı nəzərdə tutulur.
Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya əldə etməyə dair sorğular “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq icra edilir. Reyestrdə müxtəlif meyarlar əsasında axtarış aparılması və məlumatların əldə edilməsi üçün qeydiyyatdan keçmək tələb olunmur. Reyestrə qeyri-qanuni daxilolma və ya müdaxilə həyata keçirildikdə, sahib qeyd edilən əməllərə yol verən istifadəçinin informasiya sisteminə girişini məhdudlaşdırır.
Oxşar xəbərlər
AQTA-da “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Dünyanın müxtəlif regionlarında münaqişələrin və humanitar çağırışların davam etdiyi bir şəraitdə sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan sülh və əmin-amanlığın təmin olunmasını, regionda davamlı sabitliyin və əməkdaşlığın formalaşdırılmasını mühüm prioritetlərdən biri kimi müəyyən edib. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönələn proseslərin mühüm tərkib hissəsidir. Bu kontekstdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova Beynəlxalq Sülh Gününün təsis edilməsi və 21 sentyabr tarixində qeyd olunması barədə məlumat verib. Bildirilib ki, sülh yalnız münaqişələrin qarşısının alınması deyil, eyni zamanda insan hüquqlarına hörmət, qarşılıqlı etimad, dialoq və əməkdaşlıq mühitinin formalaşdırılması ilə sıx bağlıdır. “Sülh Aylığı” çərçivəsində sülh və insan hüquqları arasındakı əlaqəyə dair məlumatlılığın artırılması, qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşmanın təşviq edilməsinin əsas məqsədlərdən olduğu diqqətə çatdırılıb. Tədbirdə həmçinin insan hüquqlarının qorunması və təşviqinin dövlət qurumlarının fəaliyyətində mühüm istiqamət olduğu vurğulanıb. Qeyd edilib ki, AQTA-nın fəaliyyətində qanunçuluq, bərabərlik, şəffaflıq və insan hüquqlarına hörmət prinsiplərinə xüsusi əhəmiyyət verilir. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Dövlət Proqramı: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində istehsal, emal və ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin olunması məqsədilə HACCP sisteminin tətbiqinin sürətləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının hədəf göstəricilərindən biri istehsal, emal və ictimai iaşə müəssisələrində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinin (HACCP) tətbiqinin sürətləndirilməsidir. Bu yanaşma qida təhlükəsizliyi üzrə risklərin əvvəlcədən müəyyənləşdirilməsinə və onların qarşısının alınmasına yönələcək. Tədbirlər Planının 8.4.1-ci bəndinə əsasən, qida müəssisələrində HACCP-a əsaslanan daxili nəzarət sisteminin formalaşdırılması istiqamətində tədbirlər görüləcək. Bu məqsədlə HACCP-a əsaslanan daxili nəzarət sisteminin qurulması ilə bağlı metodiki tövsiyələr hazırlanacaq, qida müəssisələrinin HACCP-ı tətbiq etməsi üçün təlimlər keçiriləcək. Dövlət Proqramında qarşıya qoyulan əsas nəticə göstəricisinə uyğun olaraq, qida müəssisələrinin 80%-də HACCP sisteminin tətbiqinə nail olunması hədəflənir. HACCP sisteminin geniş tətbiqi qida istehsalı və emalı proseslərində təhlükələrin müəyyənləşdirilməsi, kritik nəzarət nöqtələrinin izlənilməsi və risklərin qabaqlayıcı tədbirlərlə idarə olunması imkanlarını artıracaq.
Giriş