Qida obyektlərinin qeydiyyatı və təsdiqi ilə bağlı dövlət rüsumu ləğv edilib
27 Fevral 2023 10:21
Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Qanunun qüvvəyə minməsi ilə bir çox yeniliklərin hüquqi bazası formalaşdırılıb, beynəlxalq tələblərə uyğun qeydiyyat sistemi yaradılıb. Belə ki, ölkə ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən və təsdiqi tələb edilməyən qida obyektləri, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektlər Agentlik tərəfindən birbaşa qeydiyyata alınır. Dəyişikliyə əsasən, obyektlərin və subyektlərin qeydiyyatı, eləcə də reyestr məlumatlarında dəyişikliyin edilməsi və reyestrdən çıxarışın dublikatının verilməsi üzrə dövlət rüsumları ləğv edilib.
“Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə müvafiq olaraq, yüksək riskli qida və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası ilə məşğul olan və təsdiqi tələb edilən qida obyektləri Agentlik tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunur. Dəyişikliyə əsasən, qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri, habelə bələdiyyə və dövlət orqanları (qurumları) cavabdeh olduqları qida obyektlərinin təsdiqi üçün müəyyən edilmiş dövlət rüsumunun ödənişindən azad edilib. Eyni zamanda, qida obyektlərinin təsdiqi ilə bağlı reyestr məlumatlarında dəyişikliyin edilməsi və reyestrdən çıxarışın dublikatının verilməsi üzrə dövlət rüsumu nəzərdə tutulmayıb. Beləliklə, qida obyektinin təsdiqi üçün müəyyən edilmiş dövlət rüsumu yalnız orta və iri sahibkarlıq subyektləri tərəfindən ödənilməlidir.
Sahibkarlar cavabdeh olduqları obyektlərin qeydiyyatı (təsdiqi) üçün Agentliyin e-afsa.gov.az portalında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə və ya şəxsən (və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə) kağız daşıyıcılarda “ASAN xidmət” mərkəzlərinə, Kiçik və orta biznes evlərinə (KOB evləri), “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə və Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinə müraciət edə bilərlər.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.