Qida sahəsində idxal-ixrac əməliyyatlarına yeni elektron xidmətlər əlavə edilib
5 Dekabr 2022 17:18
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
AQTA-nın rəqəmsal idarəçiliyin inkişafı, innovativ həllərin tətbiqi ilə daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə idxal-ixrac əməliyyatlarına yeni elektron xidmətlər əlavə edilib. Yeniliklər şəffaflığın təmin edilməsi, eyni zamanda sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da optimallaşdırılması və bu sahədə onlara dəstək verilməsi istiqamətində innovativ həlləri əhatə edir.
Hazırda Agentlik tərəfindən həyata keçirilən “Yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi”, “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış”ın surətinin verilməsi, “Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması”, “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatında dəyişikliklərin edilməsi”, “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin verilməsi”, “Ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması və satışı məqsədilə onların baytarlıq normalarına cavab verməsini təsdiq edən sənədin (baytarlıq şəhadətnaməsi, ekspertiza aktı və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə qoyulan nişan) verilməsi”, “İdxal karantin icazəsinin verilməsi”, “Daxili karantin sertifikatının verilməsi”, “Bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatın verilməsi”, “Baytarlıq xidmətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları idxalına icazə rəyinin verilməsi”, “Baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi” və “Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsi” xidmətləri tam olaraq elektronlaşdırılıb.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi ilə bağlı AQTİS-də daha bir neçə yeni modulların hazırlanması da nəzərdə tutulur. Bu istiqamətdə görülən tədbirlər elektron xidmətlərin geniş tətbiqi ilə xidmət keyfiyyətinin yüksəldilməsi, sahibkarların “Şəxsi kabinet” vasitəsilə müraciətlərinin qəbulu, kağızsız izləmə sisteminə keçid, vaxta qənaət, xidmətlərdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədi daşıyır.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.