Qurban bayramında heyvan kəsimi qaydaları və tələbləri
15 May 2026 12:11
Qurbanlıq heyvanların kəsimi zamanı bir sıra baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə ciddi əməl olunmalıdır. Azərbaycan Respublikasında bu sahə “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Sərəncama uyğun olaraq nəzarətdə saxlanılır və qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində mütəmadi tədbirlər görülür.
Qurban bayramı günlərində heyvanların kəsimi və satışı yalnız aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi xüsusi məntəqələrdə həyata keçirilməlidir. Küçələrdə, yol kənarlarında, məhəllələrdə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, həmçinin baytarlıq şəhadətnaməsi olmadan heyvanların daşınması yolverilməzdir.
Heyvan kəsimi məntəqələrində aşağıdakı tələblərə əməl edilməlidir:
• Baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydaları təmin olunmalı;
• Məntəqədə fasiləsiz su təchizatı olmalı;
• İşçi heyət mütəmadi tibbi müayinədən keçməli;
• İşçilər xüsusi təmiz geyimlərlə (xalat, əlcək, saç toru, rezin çəkmə və s.) işləməli;
• Çirklənmiş fərdi mühafizə geyimi vaxtında dəyişdirilməli;
• Əraziyə it, pişik və zərərvericilərin daxil olmasının qarşısı alınmalı;
• Tullantılar sanitariya-gigiyena qaydalarına uyğun şəkildə toplanaraq vaxtında kənarlaşdırılmalı;
• İstifadə olunan alət və avadanlıqlar mütəmadi təmizlənib dezinfeksiya edilməlidir.
Bununla yanaşı, heyvanların kəsimi zamanı onların rifahının qorunması və humanist yanaşmanın təmin olunması da vacib tələblərdəndir. Qəssab heyvanların rifahını qorumaqla kəsimi həyata keçirməli, proses zamanı sanitar-gigiyenik tələblərə riayət etməlidir. Heyvanlar nəqliyyat vasitəsindən zədələnmədən boşaldılmalı, kəsimədək uyğun şəraitdə saxlanmalı və kifayət qədər içməli su ilə təmin edilməlidir. Kəsim prosesi heyvanda qorxu və stress yaratmamalı, digər heyvanların gözü qarşısında aparılmamalıdır. Kəsim mümkün qədər cəld və heyvana əziyyət vermədən icra olunmalıdır.
Qurbanlıq heyvanların cəmdəklərinin satışı ilə bağlı da xüsusi tələblər mövcuddur. Satış məntəqələri soyuducu avadanlıqlarla təmin olunmalı və soyuq qida zəncirinə əməl edilməlidir. Sifariş edilən heyvanların kəsimi yalnız qeydiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirilməlidir. Həmin satış şəbəkələrində diri heyvan satışı və kəsiminə icazə verilmir.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər aparılır. Vətəndaşlardan qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri barədə aidiyyəti qurumlara və Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş