Sabunçu rayonunda tələblərə əməl etməyən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb
24 Oktyabr 2022 10:51
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Sabunçu rayonu, Zabrat ştq, Oktyabr küçəsi, ev 37 ünvanında fəaliyyət göstərən, hüquqi şəxs “Reyhan Catering” MMC-yə məxsus yeməklərin hazırlanması və çatdırılması müəssisəsində planlı yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub. Müəssisənin anbar sahəsində, soyuducu və dondurucu kameralarda saxlanılan məhsulların birbaşa döşəmənin üstündə, divara bitişik halda yığıldığı aşkarlanıb. Həmçinin müəssisədə iş prosesi zamanı istifadə olunan alət və ləvazimatların, soyuducu kamerada qida məhsullarının saxlandığı rəflərin və soyuducunun müəyyən hissələrinin korroziyaya uğradığı, istifadə edilən ətin və tərəvəzlərin doğrama lövhələrinin istismara yararsız olduğu, təmizlik ləvazimatlarının saxlanılması üçün ayrıca sahə və ya bölmənin təşkil edilmədiyi müəyyənləşib. Eləcə də müəssisənin anbar və istehsal sahələrində işıqlandırmanın qənaətbəxş halda olmadığı, soyuducu və dondurucu kamerasına baxış keçirilən zaman isə salatların üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı müəyyən edilib.
Yoxlama zamanı müəssisədə texnoloji ardıcıllıq prinsiplərinə əməl edilmədiyi də aşkarlanıb. Müəssisədə soyuq qəlyanaltıların və isti yeməklərin eyni sahədə temperatur rejimi gözlənilmədən hazırlandığı məlum olub. Bununla yanaşı, müəssisədə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülməsi ilə bağlı təsdiqedici sənədlər təqdim edilməyib. Müəssisənin anbar sahəsinə keçirilən baxış zamanı isə bəzi qida məhsulları saxlanılarkən temperatur rejimlərinə riayət edilmədiyi aşkarlanıb. Bulqur, qarabaşaq və düyünün 5-18° C-də saxlanmalı olduğu halda, 24.4° C-də saxlandığı müəyyən edilib.
Aşkar edilmiş pozuntularla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Müəssisənin rəhbərliyi isə inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.