Sabunçuda qida təhlükəsizliyi tələblərinə əməl etməyən unlu və qənnadı məmulatlarının istehsalı müəssisəsi aşkarlanıb
26 Oktyabr 2022 11:28
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Sabunçu rayonu, Bakıxanov qəs., B.Bünyadov küç., məh. 2578 ünvanında fəaliyyət göstərən, hüquqi şəxs “Vüqar MM” MMC-yə məxsus unlu və qənnadı məmulatları istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub. Müəssisənin yardımçı sahələrində (xammal və hazır məhsul anbarları, soyunub-geyinmə sahəsi və s.) havalandırma sisteminin quraşdırılmadığı, istehsal sahəsindəki havalandırma qurğusunun qeyri-işlək vəziyyətdə olduğu, həmçinin xammal anbarının, istehsal sahəsinin və hazır məhsul anbarının tavanı ilə divarlarının asan yuyula bilən və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi aşkar edilib. Eyni zamanda, müəssisədə iş prosesində istifadə olunan bəzi alət və avadanlıqların istifadə üçün yararsız olduğu, işçi masaların və lövhələrin taxta materialdan hazırlandığı, soyunub-geyinmə sahəsinin dolablarla təmin edilmədiyi aşkarlanıb. Müəssisədə təmizlik ləvazimatlarının və yuyucu maddələrin saxlanması, eləcə də içilərin qidalanması üçün ayrıca sahənin ayrılmadığı, xammal və hazır məhsul anbarındakı məhsulların döşəmə və divardan ara məsafəsi gözlənilmədən yığıldığı, istehsal sahəsinin pəncərələrində həşaratlara qarşı qoruyucu torların quraşdırılmadığı da müəyyən olunub.
Yoxlama zamanı müəssisədə təmizlik işlərinin aparılmasına dair xüsusi ixtisaslaşmış qurumla bağlanmış müqavilə və bu işlərin görülməsinə dair təsdiqedici sənədlər təqdim edilməyib.
Aşkar edilmiş pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.