Salyanda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlanıb
10 Aprel 2025 11:13










Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən, Süleymanov Sərxan Qurbanəli oğluna məxsus “Ay Store” marketdə yoxlama keçirib.
Baxış zamanı iaşə obyektində 8 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik və 8 ədəd 0.5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və saxta spirtli içkilərin satışa çıxarılmasının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər

Salyanda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara yolunun 56-cı kilometrliyində fəaliyyət göstərən, fiziki şəxs Zamanov Tuqay Oktay oğluna məxsus “Muğan” restoranında yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin edilmədiyi, mətbəxdə qida məhsulları üçün əlavə yuma çanağının ayrılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və iaşə müəssisəsinin mətbəx sahəsində nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Danimarka Krallığının Şimali Yutlandiya regionunda, Türkiyə Respublikasının Kayseri vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Cəlilabadda çörək istehsalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən, fiziki şəxs İsmayılov Cavid Yədulla oğluna məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, sanitar-gigiyenik tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, sahibkar barəsində inzibati protokol tərtib edilib, istehsal müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
