Sanitar-gigiyenik normalara cavab verməyən və ticarət qaydaları gözlənilmədən qida məhsullarının satışı yolverilməzdir
2 Mart 2023 12:34
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Paytaxt bazarlarının birində piştaxtada satışa təqdim olunan kolbasa məhsulları ilə bağlı xəbər saytında yayımlanan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarında plandankənar yoxlama keçirilib. Yoxlama zamanı fiziki şəxs Quliyev Məhəmməd Sahabətdin oğlunun 2 ayrı piştaxtada temperatur rejimi gözlənilmədən, üzərində etiket məlumatları olmayan kolbasa məhsullarının satışını həyata keçirdiyi aşkarlanıb. Aparılan nəzarət tədbiri zamanı fiziki şəxs Quliyev Məhəmməd Sahabətdin oğlunun və “Sevilən Ad” MMC-yə məxsus qida məhsullarının satışı həyata keçirilən obyektlərin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi müəyyən edilib.
Aşkar olunmuş faktlarla bağlı sanitar-gigiyenik normalara cavab verməyən və ticarət qaydaları gözlənilmədən satışı həyata keçirilən məhsulların satışının qarşısının alınması istiqamətində tədbirlər görülüb, müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Həmçinin obyekt sahibləri barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qida obyektləri qida məhsullarının saxlanılması üçün müvafiq qulluq və təmizləməyə imkan yaradan, parazitlərin daxil olması və çoxalmasına yol verməyən, məhsulların saxlanması zamanı effektiv müdafiəni təmin edən, qida məhsulunun xarab olmasının qarşısını alan mühiti təmin edən avadanlıqlarla təchiz edilməlidir. Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 22.5-ci bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən malların və məhsulların satışı, eyni zamanda satış üçün xüsusi şəraiti olmayan yerlərdə (obyektlərdə) tez xarab olan ərzaq məhsullarının satışı qadağandır. “Qida təhlükəsizliyi haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, ticarət (xidmət) obyektlərində qida məhsullarının satışına həmin obyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə cavab verdiyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındığı və ya təsdiq edildiyi halda yol verilir.
AQTA əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş