Şəkidə nöqsanlar aşkarlanan balıq satışı mağazasının fəaliyyəti məhdudlaşdırılıb
5 Dekabr 2024 12:58








Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəki rayonu, Qoxmuq kəndində fəaliyyət göstərən, fiziki şəxs Tağıyev Orxan Məhərrəm oğluna məxsus balıq məhsullarının satışı mağazasında plandankənar yoxlama keçirib.
Baxış zamanı iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərdiyi məlum olub, həmçinin sanitariya norma və qaydaların, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, satışa çıxarılan balıqların keyfiyyət və təhlükəsizliyinə dair müvafiq müşayiətedici sənədlərinin olmadığı, balıqların donunun açılması prosesinin normalara uyğun həyata keçirilmədiyi, alət və avadanlıqların, eləcə də işçilərin əllərinin yuyulması üçün sahənin ayrılmadığı, istifadə olunan masaların asan yuyulabilən, korroziyaya davamlı və hamar səthlərdən təşkil edilmədiyi, havalandırma və kanalizasiya sisteminin qurulmadığı və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq obyektin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

İdxal olunan süd məhsulunda uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində "Besting" MMC-nin Rusiyadan idxal etdiyi “Orsk Süd Məhsulları” şirkətinin istehsalı olan 1593 kq qatılaşdırılmış süd məhsulundan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində tərkibində istifadəsinə icazə verilməyən qida əlavəsi (benzoy turşusu) aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.

İyunun 1-i Ümumdünya Süd Günüdür
İyunun 1-i Ümumdünya Süd Günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təsis edilib. Məqsəd südün və süd məhsullarının insan sağlamlığındakı rolunu vurğulamaqdır. Süd insan sağlamlığı üçün çox faydalı qida məhsuludur. Onun tərkibində bədən üçün vacib olan bir çox vitamin və mineral mövcuddur. Xüsusilə uşaqların inkişaf dövründə və yaşlı insanların sümük sağlamlığını qorumaq üçün südün mütəmadi qəbulu tövsiyə olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tövsiyə edir ki, körpələr ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanmalıdır. Ana südü yalnız qida deyil, həm də körpənin immunitet sistemini gücləndirən, onu müxtəlif infeksiyalardan qoruyan bir maddədir. Ana südünün tərkibi körpənin ehtiyaclarına tam uyğun gəlir və bənzərsiz bioloji struktura malikdir. Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və Nutrisiologiya və Diyetologiya Assosiasiyası ilə birgə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi həyata keçirilir. Həmin layihə çərçivəsində körpənin ilk və ən vacib qidası olan “Möcüzəvi qida - Ana südü” mövzusunda müxtəlif maarifləndirici tədbirlər davam etdirilir.
