Su emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
31 Yanvar 2025 15:57






Bakı şəhəri, H.Mirzəyev küçəsi 1069 ünvanında yerləşən, “Butasu A” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub.
Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub. Həmçinin qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan 150 ədəd 19 litrlik su bidonu, 105 ədəd 19 litrlik qablaşdırılmış su və istehsal tarixi qeyd edilməyən 384 ədəd 0.5 litrlik “Buta” əmtəə nişanlı qablaşdırılmış su aşkarlanıb.
Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Oxşar xəbərlər

Bitkiçilik məhsullarının ixracı və diqqət edilməli məqamlar - Videotəlimat
Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlıq subyektləri məhsul partiyalarını ixraca hazırlayarkən beynəlxalq standartların tələblərinə ciddi əməl etməlidirlər. Xüsusilə qablaşdırma və etiketlənmə zamanı yolverilən səhvlər ixrac prosesinin ləngiməsi, hətta məhsulun geri qaytarılması ilə nəticələ bilər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əkbər Əliyev sahibkarlara müraciət edərək, ixracla bağlı bir sıra mühüm məqamları diqqətə çatdırıb. O, bildirib ki, sahibkarlıq subyekləri öz məhsullarını ixraca hazırlayarkən yalnız beynəlxalq standartların deyil, həmçinin idxalçı ölkələrin qablaşdırma və etiketlənmə tələblərini nəzərə almalı və ixrac partiyalarını ona uyğun şəkildə hazırlamalıdırlar. Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:

Biləsuvarda “Öz Məkan“ kafesində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, Ələt-Astara magistral avtomobil yolunun 114-cü km-də fəaliyyət göstərən, fiziki şəxs Ağayev Vəkil Mikayıl oğluna məxsus “Öz Məkan“ kafesində yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və kafenin manqal sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.

İstehlaka yararsız iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin və DİN-in Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Əsgəran postunda Xaspoladzadə Şəmsi Rafayıl oğluna məxsus 90 HV 895 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobildə təxmini çəkisi 120 kq iribuynuzlu heyvan cəmdəyi aşkarlayıb. Baxış zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, həmçinin antisanitar şəraitdə daşındığı müəyyən edilib. Xaspoladzadə Şəmsi Rafayıl oğlu izahatında ətin Laçın rayonunun Narışlar kəndində Abbasov Rizvan Əvəz oğlu tərəfindən kəsildiyini və onun sifarişi ilə Ağcabədi rayonuna apardığını bildirib. Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub və istehlaka yararsız ət soyuducu anbarda saxlanca yerləşdirilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Araşdırmalar davam etdirilir.
