Süni kürünün “təbii kürü” adı ilə satılması istehlakçıların aldadılmasıdır – Xəbərdarlıq
6 May 2026 15:31
Xəbər verildiyi kimi, Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət, ictimai iaşə, o cümlədən şadlıq evlərində “təbii kürü” adı ilə süni kürü məhsullarının istehlakçılara təqdim olunduğu aşkarlanıb. Həmçinin məhsulların etiketlənmədiyi, müşayiətedici sənədlərinin olmadığı və yararlılıq müddətinin bitdiyi müəyyən edilib.
Agentlik ticarət, ictimai iaşə obyektlərinin sahiblərinə xəbərdarlıq edərək bildirir ki, istehlakçıların aldadılması qanun pozuntusu hesab olunur və inzibati məsuliyyət yaradır. İstehlakçılara təqdim olunan bütün qida məhsulları, o cümlədən kürü məhsulları etiketlənməli, məhsul barədə dolğun məlumat verilməli, “təbii kürü” adı altında süni məhsulların təqdim edilməsinə yol verilməməli, məhsulların mənşəyini təsdiq edən sənədləri mövcud olmalıdır.
Qeyd edək ki süni kürü müxtəlif qatqı maddələri ilə hazırlanır və təbii balıq kürüsündən fərqli xüsusiyyətlərə malikdir. Onun hazırlanmasında jelatin, yosun ekstraktı olan alginat, agar-agar, nişasta, boya maddələri, bitki yağları, aromatizatorlar və dadlandırıcılar istifadə edilərək kürü formasına salınır. Əsas fərqlərdən biri odur ki, süni kürü qızdırıldıqda yumşalır, əriyir və axıcı hala gəlir. Bu xüsusiyyət onu təbii kürüdən ayıran əsas göstəricilərdən biridir. Təbii kürü balıq yumurtası olduğu üçün formasını saxlayır, qızdırıldıqda ərimir və axıcı hala gəlmir.
İstehlakçılara tövsiyə olunur ki, ictimai iaşə obyektlərində təqdim olunan kürülərin mənşəyi ilə maraqlansınlar, məhsulun keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərini tələb etsinlər və şübhəli hallarla qarşılaşdıqda Agentliyin “1003 - Çağrı Mərkəzi”nə müraciət etsinlər.
Sonda qeyd edirik ki, nəzarət tədbirləri davam etdirilir, qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş