Üzüm bakteriozunun risk təhlili həyata keçirilib
30 Avqust 2021 11:30
Üzüm bakteriozunun/Pirs xəstəliyinin (Xylella fastidiosa/Pierce disease) yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən risk təhlili həyata keçirilib. Risk təhlilində ölkədaxaili və beynəlxalq ticarətin karantin qaydalarına uyğun olaraq, xəstəlikdən azad əkin materialından istifadə edilmiş tinglər məhsuldar sahələrə köçürülən andan bitkinin bütün inkişaf mərhələlərinin sonuna qədər nəticələr təhlil edilib.
Üzümün bakteriozu xəstəliyi tropik və subtropik ərazilərin müxtəlif növ iqlim qurşaqlarında, eləcə də daha mülayim və hətta kontinental iqlim qurşaqlarında meydana gəlib. Aparılan araşdırmalara əsasən, patogenin müxtəlif növ üzümlərdə çiçəkləri məhv etmə potensialı yüksək olduğu üçün karantin tədbirlərinə ciddi əməl edilməsi əsas şərtlərdəndir. Xəstəliyin vaxtında aşkar edilməsi və qarşısının alınması, əkin materialı ixracında ciddi problemlər yaratmır, lakin əkin materiallarının dövriyyəsi risk faktoru hesab edilir.
Ümumiyyətlə, X. fastidiosa-nın 595 sahib bitkisi olduğu müəyyən edilib (EFSA, 2020) ki, bunlardan 343-ü bakteriyanın təsbit edilməsi məqsədilə ən az iki fərqli molekulyar test istifadə edilərək təsdiqlənib və bu bitki növlərinin bir çoxunun təbii şəraitdə yoluxduğu aşkar edilib. X. fastidiosanın ən geniş yayılan sahib bitkiləri üzüm, naringi, badam, zeytun, şaftalı, ərik, oleandr və qəhvədir. Bakteriyaya avokado, qarağat, yapon gavalısı, gavalı, alça və qırmızı tut kimi digər meyvə bitkilərində də rast gəlinib. X. fastidiosa xəstəliyinin simptomları olduqca müxtəlif olub, hər bir bitkinin spesifik böyümə şərtləri və fenoloji mərhələsi daxil olmaqla ətraf mühit amillərindən çox asılıdır. Ksilema borularının bakteriya səbəbindən tıxanması nəticəsində mineral maddələrin və suyun daşınmasının qarşısı alınır və nəticədə xəstəliyin simptomları meydana gəlir. Üzüm bitkisi üçün ilkin əlamətlərə yarpağın dilimli hissələrinin quruyaraq qəhvəyi rəngə çevrilməsi və nəticədə nekrotikləşməsi aiddir. Belə yarpaqlar büzüşərək tökülür, yarpaq saplağı isə zoğda qalır. Daha sonrakı illərdə də sirayətlənmiş bitki zəif inkişaf edir, zoğları qısa, xlorozlu olur. Çox həssas olan üzüm növləri yalnız 2-3 ilə qədər, daha davamlı sortlarda isə xroniki infeksiyaya rast gəlinir və bu bitkilər 5 ildən çox müddətdə yaşama qabiliyyətini saxlaya bilir.
X. fastidiosa sadəcə ksilemdə yaşayan, gram-neqativ, gec inkişaf edən çubuq şəkilli, qamçısız və hərəkətsiz bakteriyadır və sahib bitkilərin ksilemində əlamətsiz aşkar edilə bilir. Bakteriyanın inkişafı üçün optimal temperatur 26-28° C-dir. Bakteriyanın geniş sahib bitki ardıcıllığına malik olması baxımından xəstəliyin tam şəkildə məhv edilməsi imkansızdır. Xəstəliyin yoluxmamış ərazilərə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədilə xaricdən gətirilən bitki materialları, sahib bitki və vektorlar üzərində yoxlamalar aparmaq, ciddi fitosanitar tədbirləri tətbiq etmək əsas şərtlərdən biridir. Bundan əlavə, patogendən azad, sertifikatlı tinglərdən istifadə edilməli, yoluxmuş bölgələrdən gətirilən tinglər 3 saat müddətində 45° C temperaturda olan suda saxlanılmalıdır. Üzüm bitkisinin yoluxmuş budaq və zoğları xəstəliyin olmadığı yerə qədər budanmalı və budanmış bitki qalıqları məhv edilməlidir. İnfeksiyalı bitkilər və daşıyıcı vektor həşəratların bir yerdən digərinə keçməsinin qarşısının alınması, yoluxmuş bitkilərin aradan qaldırılması kimi bəzi tədbirlərin eyni zamanda tətbiq edilməsi ilə bakteriyanın yayılmasının qarşısı alına bilər və ya müəyyən səviyyədə azaldıla bilər.
Hazırda AQTİ mütəxəssisləri tərəfindən sahələrdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir və sahibkarlıq subyektlərinə lazımi metodiki dəstək göstərilir.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.