Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı - VİDEO
24 İyul 2026 17:37
AQTA vaxtı bitmiş məhsulların yenidən satışa çıxarılması cəhdini aşkarlayıb.
Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən “Best for Bar” MMC-yə məxsus fərdi yaşayış evinin qarajında (anbar kimi istifadə olunur) plandankənar yoxlama keçirilib.
Baxış zamanı, ümumilikdə 49050 ədəd, hər biri 330 ml olan "Vintage Limonad" (Şəkərli və şəkərsiz olmaqla 2 çeşid) və "Vintage Cola" (Şəkərli və şəkərsiz olmaqla 2 çeşid) əmtəə nişanlı alkoqolsuz içki məhsulu aşkar edilib.
Məhsulların bir hissəsinin son istifadə tarixinin dəyişdirildiyi, bir hissəsinin tarixlərinin silindiyi, digər hissəsinin isə yararlılıq müddətinin bitdiyi müəyyən olunub.
Yoxlama zamanı məhsulların üzərindəki tarixlərin dəyişdirilməsində istifadə edildiyi ehtimal olunan avadanlıq və vasitələr də aşkarlanaraq maddi sübut kimi götürülüb. Məhsulların və aşkar edilmiş vasitələrin toxunulmazlığı təmin edilərək möhürlənib.
Məsul şəxs izahatında məhsulların son istifadə tarixlərinin dəyişdirilməsi faktını etiraf edib. Həmçinin yoxlama zamanı tələb olunan bəzi təsdiqedici sənədlərin təqdim edilmədiyi müəyyən olunub.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq prosessual tədbirlər davam etdirilir.
Ətraflı:
Oxşar xəbərlər
EPPO-nun Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun iclası keçirilib
Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun növbəti onlayn iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini, Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev iştirak edib. Görüşdə pestisidlərin səmərəliliyinin qiymətləndirilməsində dronlardan, multispektral kameralardan və digər rəqəmsal texnologiyalardan istifadə imkanları müzakirə olunub. İclasda rəqəmsal texnologiyaların tətbiqinə dair materialların ekspert rəyləri əsasında təkmilləşdirilməsi və EPPO-nun müvafiq ekspert qruplarına təqdim olunması planlaşdırılıb.
ADA Universitetində Ümumdünya Qida Gününə həsr olunmuş tədbir keçirilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Bu gün innovasiya et. Sabahı qidalandır” şüarı altında Ümumdünya Qida Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dayanıqlı ərzaq sistemlərinin qurulmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində innovasiyanın rolu müzakirə olunub. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirin aqrar sahədə təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, müasir kənd təsərrüfatının inkişafında elm, innovativ texnologiyalar və səmərəli idarəetmə mühüm rol oynayır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun strateji inkişaf istiqamətlərini müəyyən edir. Proqramda rəqəmsallaşma, resurslardan səmərəli istifadə, iqlimə davamlı istehsal və innovasiyaların tətbiqi prioritetlər sırasındadır. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda qida təhlükəsizliyi sahəsində görülən işlər və qarşıda duran hədəflər barədə danışıb. O, aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyacın olduğunu vurğulayaraq ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin əhəmiyyətini qeyd edib. Milli Məclisin üzvü və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai ərzaq təhlükəsizliyində kənd təsərrüfatının roluna, məhsuldarlığın artırılmasına, təbii resurslardan səmərəli istifadəyə və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa diqqət çəkib. FAO-nun Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat su ehtiyatlarından səmərəli istifadə, iqlim dəyişikliklərinə uyğunlaşma və məhsul itkilərinin azaldılmasının vacibliyini vurğulayıb. O, innovasiyaların məhsuldarlığın artırılmasına və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsinə töhfə verdiyini bildirib. Tədbir çərçivəsində FAO-nun “Kəndlərin tanınması təşəbbüsü” çərçivəsində dörd kəndə sertifikatlar təqdim olunub. Sertifikatlar kəndlərin dayanıqlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və icma rifahının yüksəldilməsi istiqamətində səylərini əks etdirir. Həmçinin “Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə qida sənayesinin inkişafı, məhsul keyfiyyəti və yerli istehsalçıların beynəlxalq bazarlara çıxış imkanları nəzərdən keçirilib. Qeyd edək ki, Ümumdünya Qida Günü hər il oktyabrın 16-da FAO-nun təsis edildiyi gün münasibətilə qeyd olunur. Bu ilin mövzusu elmi nailiyyətlərin, rəqəmsal texnologiyaların və ənənəvi biliklərin aqroərzaq sistemlərinin dayanıqlı inkişafına töhfəsinə diqqət çəkir.
Nəzarət tədbirləri - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Sumqayıt şəhərində, Xaçmaz və Yardımlı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması, saxlanc sahələrində uyğunsuzluqlar və digər nöqsanlar aşkarlayıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş