Xətaidə fəaliyyət göstərən ət satışı mağazası və iaşə obyektində yoxlama aparılıb
6 Avqust 2024 13:03








Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 25 ünvanında yerləşən, fiziki şəxs Samir Parış oğlu İmanova məxsus ət satışı mağazası və iaşə obyektində yoxlama həyata keçirilib.
Yoxlama zamanı bir sıra nöqsanlar aşkar olunub. Belə ki, ət satışı mağazası və iaşə obyektinin (“Kabab evi”) qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Bundan başqa, kabab ətinin hazırlanması və marinə olunması üçün masanın ayrılmadığı, mal qonşuluğu qaydalarına riayət edilmədiyi, ət və süd məhsullarının (pendir, süd, yağ) birgə saxlanıldığı aşkarlanıb. Həmçinin müəyyən olunub ki, qida obyektində çalışan işçi təmiz, münasib xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) təmin edilməyib. Obyektdə havalandırma sistemi quraşdırılmayıb, təmizlik inventarlarının, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin saxlanması üçün ayrıca yer və ya dolab təşkil olunmayıb.
Aşkarlanan nöqsanlarla əlaqədar müəssisənin rəhbərliyi barəsində inzibati xətalar haqqında protokol tərtib edilib, müəssisədə toyuq ətindən dönər kababının satışı məhdudlaşdırılıb.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
