Xətaidə fəaliyyət göstərən ət satışı mağazası və iaşə obyektində yoxlama aparılıb
6 Avqust 2024 13:03
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 25 ünvanında yerləşən, fiziki şəxs Samir Parış oğlu İmanova məxsus ət satışı mağazası və iaşə obyektində yoxlama həyata keçirilib.
Yoxlama zamanı bir sıra nöqsanlar aşkar olunub. Belə ki, ət satışı mağazası və iaşə obyektinin (“Kabab evi”) qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Bundan başqa, kabab ətinin hazırlanması və marinə olunması üçün masanın ayrılmadığı, mal qonşuluğu qaydalarına riayət edilmədiyi, ət və süd məhsullarının (pendir, süd, yağ) birgə saxlanıldığı aşkarlanıb. Həmçinin müəyyən olunub ki, qida obyektində çalışan işçi təmiz, münasib xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) təmin edilməyib. Obyektdə havalandırma sistemi quraşdırılmayıb, təmizlik inventarlarının, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin saxlanması üçün ayrıca yer və ya dolab təşkil olunmayıb.
Aşkarlanan nöqsanlarla əlaqədar müəssisənin rəhbərliyi barəsində inzibati xətalar haqqında protokol tərtib edilib, müəssisədə toyuq ətindən dönər kababının satışı məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Zaqatalada fəaliyyət göstərən şadlıq evində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Zaqatala rayonu, Dağlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Qarayev Nazim Həsən oğluna məxsus “Röya” şadlıq evində planlı yoxlama keçirib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb. Belə ki, obyektdə çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, döşəmə və divar səthlərinin təmirsiz olduğu, istifadə edilən alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və sair nöqsanlar müəyyən olunub.
Lənkəranda sanitar-gigiyenik tələblərə cavab verməyən restoranın fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran rayonu, Kənarmeşə kəndində fəaliyyət göstərən, fiziki şəxs Həsənova Elnurə Xanbaba qızına məxsus “Yeddi Bulaq” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, pəncərələrin qoruyucu tor örtüklə təmin edilmədiyi, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, mexaniki havalandırma sisteminin mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin baytarlıq arayışı olmayan toyuq məhsulları, istifadə muddəti bitmiş göbələk sousu və şirinləşdirilmiş içkilər aşkarlanıb.
İdxal olunan hind quşu subməhsulunda salmonella aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində “TFL-CO.” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi “Soyuzpromptisa” MMC-yə məxsus, ümumi çəkisi 684 kq olan, 01.05.2024-27.11.2024-cü il, 01.06.2024-28.11.2024-cü il, 06.07.2024-02.01.2025-ci il istehsal və son istifadə tarixli hind quşu subməhsulu partiyalarından Agentlik əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində salmonella bakteriyası aşkarlanıb.