Yeni qanunla bioloji aktiv qida məhsullarının qeydiyyatı tələb olunacaq
10 Noyabr 2022 17:49
Xəbər verildiyi kimi, 1 yanvar 2023-cü il tarixindən “Qida təhlükəsizliyi haqqında” Qanunun qüvvəyə minməsi ilə qida təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra yeniliklər həyata keçiriləcək. Bunlardan biri də bioloji fəallığa malik qida əlavələri ilə bağlıdır. Belə ki, yeni qanunla “bioloji fəallığa malik qida əlavələri” adı dəyişdirilərək “bioloji aktiv qida məhsulları” kimi ifadə olunacaq.
Bu məhsulların emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə veriləcək. Dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının (BAQM) ölkə ərazisində dövriyyəsi isə qadağan olunacaq.
Bundan əlavə, yeni qanunvericilikdə BAQM-ın təhlükəsizlik (çirkləndirici, mikrobioloji, baytarlıq preparatlarının qalıq miqdarı) və etiketlənmə tələblərinin yer aldığı sanitar norma və qaydalarının təsdiq edilməsi nəzərdə tutulur.
Qeydiyyat respublika ərazisində ilk dəfə emal olunacaq bioloji aktiv qida məhsulları üçün emal mərhələsində, ölkə ərazisinə ilk idxal olunacaq BAQM üçün isə idxaldan əvvəl həyata keçiriləcək.
Bioloji aktiv qida məhsullarının respublika ərazisində emal edildiyi qida biznesi obyektlərində emal edilmiş və dövlət qeydiyyatına alınması üçün müraciət edilmiş ilk məhsulun qeydiyyatı mərhələsində həmin obyektlərdə qiymətləndirmə həyata keçiriləcək.
Dövlət qeydiyyatına alınmış bioloji aktiv qida məhsulları reyestrə daxil ediləcək. Daxil olunmuş məlumatlar Agentliyin internet saytında yerləşdiriləcək, daimi yenilənəcək və axtarış aparan hər kəs üçün açıq olacaq.
Oxşar xəbərlər
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri aparılıb. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb. Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Qeyd olunan uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb. Link:
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib. İctimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş