Yevlax rayonunda qanunsuz fəaliyyət göstərən pivə istehsalı müəssisəsi aşkarlanıb
18 Avqust 2021 16:35








Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin əməkdaşları tərəfindən Yevlax rayonu, Bərdə-Yevlax şosesinin 7-ci kilometrliyində fəaliyyət göstərən, hüquqi şəxs “EMİL-N” istehsalat-kommersiya şirkətinə məxsus pivə istehsalı müəssisəsinə baxış keçirilib. Yoxlama zamanı müəssisədə sanitariya norma və qaydalarının tələblərinin pozulduğu, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət edilmədiyi məlum olub. Belə ki, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, məhsulların saxlanma rejiminə riayət edilmədiyi, istifadə edilən xammalların müvafiq sənədlərinin olmadığı, habelə istehsal olunan “Aran” əmtəə nişanlı pasterilizasiya edilmiş “Jiquli” pivəsinin yararlılıq müddətinin əlavə 90 gün artırılaraq satışa çıxarıldığı aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, “Aran” əmtəə nişanlı pasterilizasiya edilmiş “Jiquli” pivəsi etiketlərinin istifadəsi qadağan olunub, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər

Biləsuvarda “Öz Məkan“ kafesində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, Ələt-Astara magistral avtomobil yolunun 114-cü km-də fəaliyyət göstərən, fiziki şəxs Ağayev Vəkil Mikayıl oğluna məxsus “Öz Məkan“ kafesində yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və kafenin manqal sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.

İstehlaka yararsız iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin və DİN-in Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Əsgəran postunda Xaspoladzadə Şəmsi Rafayıl oğluna məxsus 90 HV 895 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobildə təxmini çəkisi 120 kq iribuynuzlu heyvan cəmdəyi aşkarlayıb. Baxış zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, həmçinin antisanitar şəraitdə daşındığı müəyyən edilib. Xaspoladzadə Şəmsi Rafayıl oğlu izahatında ətin Laçın rayonunun Narışlar kəndində Abbasov Rizvan Əvəz oğlu tərəfindən kəsildiyini və onun sifarişi ilə Ağcabədi rayonuna apardığını bildirib. Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub və istehlaka yararsız ət soyuducu anbarda saxlanca yerləşdirilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Araşdırmalar davam etdirilir.

Nərimanov rayonunda suşi emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi 107 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyev Elnur Tahir oğluna məxsus suşi emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı emal müəssisəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının antisanitar vəziyyətdə emal edildiyi, saxlanma temperaturuna əməl edilmədiyi və etiketlənmə tələblərinin pozulduğu, həmçinin qida məhsulları ilə təmasda olan materialların müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
