Yevlaxda ərzaq məhsullarının satışı bazarında nöqsanlar aşkarlanıb
18 May 2021 12:35








Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Yevlax rayonu, Yevlax şəhəri, Fizuli küçəsində fəaliyyət göstərən hüquqi şəxs “Yevlax-Mərkəzi Bazar” ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında yoxlama keçirilib. Yoxlama zamanı bazarın qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadığı, satışa çıxarılan heyvan mənşəli məhsulların (süd və süd məhsulları, yumurta və s.) baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmədiyi, temperatur rejiminə və sanitar-gigiyena qaydalarına əməl olunmadığı, bazar ərazisində antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan quşların kəsiminin, həmçinin mənşəyi məlum olmayan turşuların satışının həyata keçirildiyi, ərzaq satışı mağazalarında mal qonşuluğu prisipinin pozulduğu müəyyən olunub. Eyni zamanda, qida məhsulları ilə birbaşa təmasda olan şəxslərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, vaxtaşırı olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı məlum olub. Laborator müayinələrin aparılması üçün baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməmiş nehrə yağı adı altında satışa çıxarılan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılmış müayinələr nəticəsində nehrə yağının istehsalı zamanı bitki mənşəli yağlardan istifadə edildiyi aşkar edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər

Topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şirvan şəhəri, Xəqani küçəsində fəaliyyət göstərən, Cəfərov Cavid Balamirzə oğluna məxsus topdansatış mağazasında yoxlama keçirib. Baxış zamanı iaşə obyektində 168 ədəd 1 litrlik, 163 ədəd 0.7 litrlik, 224 ədəd 0.5 litrlik “Belaruska” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan şəhəri, Magistral küçəsində fəaliyyət göstərən, Əliyev Asim Pəsi oğluna oğluna məxsus “Beyləqan” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə “Ağsu”, “Qafqazkaya“ və “Belaya” əmtəə nişanlı müxtəlif həcmli saxta spirtli içkilər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Saxta spirtli içkilərin satışı qadağan edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Sabunçuda süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
AQTA əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə 65 ünvanında fəaliyyət göstərən, Hüseynov Ağahüseyn Kamil oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində bir sıra tələblərin pozulması faktları aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, emal prosesi zamanı texnoloji ardıcıllıq prinsipinə, gigiyena qaydalarına riayət olunmadığı, qablarda kiflənmə əlamətlərinin müşahidə edildiyi, hazır məhsulların birbaşa döşəmə üzərində, ara məsafəsi gözlənilmədən saxlandığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilib. Bundan başqa, müəssisədə istehsal olunan məhsulların (şor, dovğa) etiket məlumatlarında istehsal tarixi və yararlılıq müddətinin saxtalaşdırıldığı aşkarlanıb. Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün laboratoriyaya təqdim olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.
