1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 İyun 2025 10:00
Uşaqların düzgün və sağlam qidalanması hər birimizin məsuliyyətidir
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu gün uşaq hüquqlarının qorunması və onların rifahının təmin edilməsi məqsədilə dünyada geniş şəkildə qeyd olunur. Azərbaycanda uşaqların sağlam və firavan böyüməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Uşaq hüquqlarının qorunması və onların hərtərəfli inkişafı üçün müxtəlif dövlət proqramları və sosial layihələr həyata keçirilir.
Qida Təhlükəsizliyi Agentliyi olaraq uşaqların sağlam inkişafı üçün yaşlarına uyğun, düzgün və rasional qidalanmasını tövsiyə edirik. Sağlam qida rasionunun təşkili ilə yanaşı, düzgün qidalanma vərdişlərinin aşılanması da uşaqların fiziki və zehni inkişafında mühüm rol oynayır. Qidalanma zamanı uşaqların diqqətini qidaya yönləndirmək vacibdir. Yemək vaxtı uşağın qaçmağı və ya oynamağı boğulma ehtimalı yaradır və tövsiyə olunmur. Uşağı qidalanmaya məcbur etmək yerinə onda maraq yaratmaq daha məqbul hesab olunur. Ən əsası uşağına nümunə olmaq üçün valideyn özü də düzgün və sağlam qidalanmalıdır.
Agentlik tərəfindən bu istiqamətdə müxtəlif maarifləndirmə təşəbbüsləri həyata keçirilir. Məktəblilər arasında “Təhlükəsiz qida uşaqların gözü ilə”, “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı rəsm müsabiqələri, həmçinin “Sağlam məktəbli”, “Məktəblilər üçün süd”, “Məktəblilər üçün kişmiş” kimi layihələr uşaqlara düzgün qidalanma vərdişləri aşılamağa dəstək göstərir. Uşaqlar bizim gələcəyimizdir və onların sağlam böyüməsi, təhlükəsiz mühitdə yaşaması cəmiyyətin hər bir üzvünün məsuliyyətidir.
Oxşar xəbərlər
AQTA-da tələbələr istehsalat təcrübəsi keçib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramı çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Monitorinqlər zamanı onlar bitkiçilik məhsullarının ilkin istehsalı prosesi, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olublar. Tələbələr ilkin istehsal mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün risklərin müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində praktiki biliklər əldə ediblər. Eyni zamanda, nəzəri biliklərinin praktikada tətbiqi, monitorinq prosesinin təşkili və müvafiq tələblərin icrası ilə bağlı təcrübə əldə ediblər. Bu cür təcrübə proqramları gələcək aqrar sahədə mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qida təhlükəsizliyi ilə bağlı ixtisaslı kadr potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Qida mifləri: Evdə hazırlanan konserv daha təhlükəsizdirmi? - Video
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Qida mifləri” rubrikasının budəfəki buraxılışında evdə hazırlanan konservlərin mağazadan alınan konservlərdən daha təhlükəsiz olması ilə bağlı mövcud fikirlərə aydınlıq gətirilib. Bildirilib ki, konservin təhlükəsizliyi onun harada hazırlanmasından deyil, düzgün emal edilməsindən, qablaşdırılmasından və müvafiq şəraitdə saxlanmasından asılıdır. Evdə hazırlanan konservin tərkibini bilmək onun təhlükəsizliyinə zəmanət vermir. Düzgün emal edilməyən məhsullarda Clostridium botulinum bakteriyasının toksini əmələ gələ bilər. Bu toksinin səbəb olduğu botulizm nadir, lakin həyati təhlükəli xəstəlikdir. Xüsusilə ət, balıq, quş əti və zəif turşulu tərəvəzlərdən hazırlanan konservlərdə təhlükəsizlik qaydalarına əməl olunması vacibdir. Belə məhsulların otaq temperaturunda təhlükəsiz saxlanması üçün yalnız bankaların qaynadılması və ya qapağın kip bağlanması kifayət etmir. Məhsula uyğun, elmi cəhətdən sınaqdan keçirilmiş reseptə və düzgün istilik emalı qaydalarına əməl olunmalıdır. Konserv seçərkən etiketdəki məlumatlara, yararlılıq müddətinə, qablaşdırmanın bütövlüyünə və saxlanma göstərişlərinə diqqət yetirmək tövsiyə olunur. Qapağı şişmiş, sızan və ya ciddi zədələnmiş qabların içindəkini istehlak etmək olmaz. Şübhəli məhsulun dadına baxmaq da təhlükəlidir, çünki botulinum toksini məhsulun görünüşünü, qoxusunu və dadını dəyişmədən mövcud ola bilər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş