39 qida obyektində saxta alkoqollu içkilər aşkarlanıb
17 Dekabr 2025 10:01
Saxta alkoqollu içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.
Belə ki, cari il ərzində aparılan tədbirlər çərçivəsində ümumilikdə 39 qida obyektində (34 ticarət və 5 ictimai iaşə obyekti) müxtəlif növ və əmtəə nişanlı 7714 ədəd saxta alkoqollu içki aşkarlanıb. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhsullar satışdan kənarlaşdırılıb. 81 alkoqollu içkidən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində 39 məhsulda uyğunsuzluq müəyyən edilib, 31 məhsulda uyğunsuzluq aşkarlanmayıb, 11 məhsulun isə müayinələri davam etdirilir.
Faktla bağlı 16 müəssisənin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb, 23 qida obyekti barədə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.
Qeyd edək ki, saxta içkilər uyğun olmayan xammaldan və texnologiyadan istifadə edilməklə hazırlanır. Bu cür içkilərin tərkibində olan kimyəvi maddələr insan sağlamlığı üçün təhlükəli hesab edilir. Belə ki, bu kimyəvi birləşmələr daha çox qaraciyər, böyrək, göz və mərkəzi sinir sistemini zədələməklə yanaşı, ölümlə nəticələnən intoksikasiyalara səbəb ola bilər.
Agentlik yeni il bayramı ərəfəsində spirtli içkilərin daha çox satışa çıxarıldığını və istifadə olunduğunu nəzərə alaraq, istehlakçıları diqqətli olmağa, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran məhsulları almamağa çağırır. İctimai iaşə və ticarət obyektlərində məhsul seçərkən, qablaşdırılmasına və etiketlənməsinə diqqət yetirilməli və müvafiq müşayiətedici sənədlərinin tələb edilməsi zəruridir. Hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar edildikdə, dərhal Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə olunur.
Oxşar xəbərlər
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
AQTA “Sağlam məktəbli” layihəsini yeni tədris ilində də davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026–2027-ci tədris ilində də ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihənin əsas məqsədi məktəblilər arasında sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması və gündəlik qida seçimlərində daha diqqətli olmalarına töhfə verməkdir. Yeni tədris ili çərçivəsində növbəti maarifləndirici görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 191 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə təxminən 100-dən artıq şagirdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusu üzrə təqdimatlar keçirilb. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş