Abşeron Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
24 Sentyabr 2025 16:44
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Abşeron Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib. İngiltərənin “LGC” şirkəti tərəfindən təşkil olunan sınaqlar quru süd nümunələrində koliformlar, enterobakteriya, E. coli, mezofil aerob və fakültativ anaerob mikroorqanizmlər parametrlərinin, kərə yağı nümunələrində isə yağlılıq, duz, nəmlik, pH və quru maddə parametrlərinin təyini üzrə aparılıb.
Abşeron Regional Sınaq Laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, fiziki-kimyəvi və cihaz müayinələri həyata keçirilir. Laboratoriya AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının maddi-texniki bazası mütəmadi olaraq gücləndirilir və modernləşdirilir. Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı məqsədilə həmçinin qabaqcıl texnologiyalar tətbiq edilir, kadrların səriştəsinin artırılması üçün isə təlimlər və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin olunur.
Oxşar xəbərlər
Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa yolunun üzərində yerləşən fiziki şəxs Kərimov Şıxəli Hacıağa oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama həyata keçirilib. Müəssisənin antisanitar şəraitdə, heç bir qida təhlükəsizliyi tələbləri gözlənilmədən fəaliyyət göstərdiyi, istifadə edilən ət və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Eyni zamanda, obyektdə mənşəyi məlum olmayan, açıq saxtalaşdırma əlamətləri olan alkoqollu içkilərin istehlaka təqdim edilməsi halları da aşkarlanıb. Nöqsanlarla bağlı inzibati xəta haqqında protokol tərtib olunub, istehlaka təqdim edilən ət və araq məhsullarından nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Alkoqollu içkilərin dövriyyəsi qadağan edilib, həmçinin müəssisədə nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Soyuq aylarda immunitetimizi necə qoruyaq? - Video
Havaların soyuması ilə infeksiyalara yoluxma riski arta bilər. Bu dövrdə immun sistemini “möcüzəvi” vasitələrlə gücləndirməkdənsə, onun normal fəaliyyətini sağlam həyat tərzi ilə dəstəkləmək daha doğrudur. - Düzgün və balanslı qidalanmaya diqqət etmək vacibdir. Mövsümi meyvə-tərəvəz, zülal mənbələri və fermentləşdirilmiş qidalar gündəlik rasionda yer almalıdır. - Kifayət qədər maye qəbulu, keyfiyyətli yuxu və müntəzəm fiziki aktivlik immun sisteminin normal fəaliyyətini dəstəkləyir. - Soyuq aylarda Vitamin D səviyyəsinə də diqqət etmək lazımdır. Lakin vitamin və əlavələri, xüsusilə yüksək dozaları həkim məsləhəti olmadan qəbul etmək düzgün deyil. - Stressin idarə olunması da sağlamlığın vacib hissəsidir. Unutmayaq ki, antibiotik və immun sisteminə təsir edən preparatlar həkim məsləhəti olmadan qəbul edilməməlidir. Antibiotiklər viruslara qarşı təsir göstərmir. Əsas məqsəd immuniteti süni şəkildə “gücləndirmək” deyil, onun normal fəaliyyətini sağlam həyat tərzi ilə dəstəkləməkdir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş