Abşeronda şirniyyat istehsalı müəssisəsində normativ tələblərin pozulduğu aşkarlanıb
18 Sentyabr 2024 15:24
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır şosesi, ev 3A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Elsevər Alim oğluna məxsus unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində planlı yoxlama keçirib.
Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə texnoloji ardıcıllıq prosesinin pozulduğu, məhsulların saxlanma şəraitinə əməl edilmədiyi və etiketlənməsinin aparılmadığı, sanitar qovşağın qapısının birbaşa istehsal sahəsinə açıldığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə unlu və kremli qənnadı məmulatlarının istehsalı dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Oxşar xəbərlər
AQTA sədri Qoşqar Təhməzli Qarabağ Universitetində olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində olub. Universitetin rektoru Şahin Bayramov AQTA sədrinə ali təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturunun yaradıldığını bildirib. Eyni zamanda söhbət zamanı birgə əməkdaşlıq məsələləri müzakirə edilib. AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Qarabağ Universiteti arasında birgə işlərin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
AQTİ-nin nümayəndəsi AEBA-nın sessiyasında iştirak edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin müdiri Tünzalə Qocayeva Avstriyanın Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş konfransının 68-ci sessiyasında iştirak edib. T. Qocayeva sessiya çərçivəsində “Atoms4Food - Daha yaxşı həyat üçün daha yaxşı kənd təsərrüfatı” mövzusunda təşkil olunan elmi foruma qatılıb. Forumda nüvə texnologiyalarının və atom enerjisinin heyvan xəstəlikləri və zərərvericilərlə mübarizədə tətbiqi üsulları ilə bağlı təşkil olunan müzakirələrdə iştirak edib. Mərkəz müdiri AEBA-nın laboratoriyalarına təşkil olunan səfərlərə də qatılıb. Səfərlər zamanı AQTİ-nin AEBA-nın dəstəklədiyi yerli və regional layihələrdə iştirakına dair müzkirələr aparılıb.
AQTİ laboratoriyası İngiltərədə keçirilən beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.