Ağstafada istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin xüsusi poliqonda zərərsizləşdirilməsi məqsədilə daşınması təmin olunub
31 İyul 2024 16:44
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılmış, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetində aidiyyəti dövlət orqanları cəlb edilməklə "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış Koordinasiya Komissiyası” tərəfindən “Respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilərək bir sıra dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müvafiq işlərin görülməsi həvalə olunub.
Tədbirlər Planının icrası məqsədilə AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət işçi qruplar yaradılmaqla, 11 rayon üzrə 14 məntəqədən daşınması məqsədəuyğun hesab olunan təhlükəli tullantılara dair kütlə müəyyən edilib. Bu çərçivədə Ağstafa rayonu ərazisində istifadəyə yararsız pestisidlərin, o cümlədən çirklənmiş torpaq qatının daşınması prosesi həyata keçirilib. Belə ki, beynəlxalq təhlükəsizlik tələblərinə uyğun qaydada qablaşdırılan yüklərin zərərsizləşdirilməsi məqsədilə “Cəngi pestisid poliqonu”na xüsusi nəqliyyat vasitəsilə daşınması və yerləşdirilməsi təmin olunub.
Qeyd edək ki, təhlükəli yüklərin qablaşdırılması və daşınması üzrə görülən tədbirlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasının birgə təşəbbüsü ilə həyata keçirilir.
Ağstafa rayonu keçmiş Kənd Kimya Birliyinin ərazisində Agentlik tərəfindən aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə icra edilən işlər ölkəmiz üçün olduqca vacib və əhəmiyyətli tədbir hesab olunur. Xüsusilə də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər bilavasitə ətraf mühitə verilən bir töhfədir. Ətraf mühitin sağlamlaşdırılması, ətraf mühitdən insanlara, heyvanlara və bitkilərə keçə biləcək zərərlərin qarşısının alınması üçün görülən birbaşa tədbirin önəmi yüksək dəyərləndirilir.
Qeyd edək ki, analoji olaraq həyata keçirilən silsilə tədbirlər növbəti günlərdən etibarən ardıcıl olaraq Beyləqan rayonu və digər təhlükə potensiallı obyektlərin ərazisində müəyyən edilən təhlükəli tullantılar üçün də davam etdiriləcəkdir.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş