Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması zəruridir
1 Oktyabr 2025 15:35
Amerika ağ kəpənəyi respublika ərazisində məhdud dairədə yayılan, karantin tətbiq edilən zərərvericidir. Azərbaycanda Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonlarının bəzi ərazilərində rast gəlinir.
İqlimə uyğun olaraq il ərzində bir neçə nəsil verə bilir. Zərərvericinin sürfələri yarpaq ayasının əsas toxuması ilə qidalanaraq bitkinin yaşıl kütləsinə ziyan vurur. Meyvə bitkilərinə vurduğu ziyan isə məhsul itkisi ilə nəticələnir. Üçüncü yaş mərhələsində olan sürfələr bir neçə yarpağı bir-birinə bağlayaraq tor yuvalar qurub, sürü halında yayılır və budaqdan budağa keçir. Beşinci yaş mərhələsindən etibarən sərbəst həyat tərzinə qayıdırlar. Azərbaycan şəraitində əsasən tut ağacına ziyan vurur.
Amerika ağ kəpənəyinə qarşı aparılan fitosanitar tədbirlərin əsas məqsədi zərərvericinin sayını azaltmaqdır. Ən təhlükəsiz mübarizə üsulları park, yol kənarı və həyət sahələrində torlar olan budaqları kəsmək və yandırmaq, tırtılları mexaniki yolla məhv etməkdir. Zərərvericidən qorunmaq üçün payız və erkən yaz dövründə meyvə ağaclarının ölmüş qabıqlardan təmizlənməsi, gövdənin əhənglənməsi, bitki qalıqlarının toplanması və məhv edilməsi, meyvə bağlarında və həyətyanı sahələrdə isə ağacların çətirləri altında torpağın şumlanması işləri yerinə yetirilməlidir.
Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınmasında hər kəsin iştirakı vacibdir. Zərərvericini mexaniki yolla məhv etmək mümkün olmadıqda, aidiyyəti qurumlara məlumat verilməsi xahiş olunur.
Oxşar xəbərlər
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 3-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 1003 256 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla dekabrın 2-si saat 13:00-dək qəbula yazıla bilərlər.
Kürdəmirdə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Kürdəmir rayonu, Bakı prospekti, Dördyol dairəsində yerləşən, Baxşıyev Nizami Vəlixan oğluna məxsus “Güvən Store” marketdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbiri keçirilib. Marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları, saxtalaşdırılaraq istehsal edilmiş “Organic Gold”, “Gümüş Güllə”, ”Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq araşdırılması üçün aidiyyəti orqana göndərilib.
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş