Antisanitar şəraitdə fəaliyyət göstərən şəkərli qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
8 Oktyabr 2021 10:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 87 ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyeva Ruhiyyə Calal qızına məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib. İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddət təmizlik işlərinin aparılmadığı müəyyən olunub.
Yoxlama zamanı qəndin ağardılmasında qida sahəsində istifadəsi nəzərdə tutulmayan, kəskin qoxuya malik mənşəyi məlum olmayan ağardıcı maddədən istifadə edildiyi, satış nöqtələrindən geri qaytarılmış, yararlılıq müddəti bitmiş marmelad məhsulunun yenidən əridilərək emal olunduğu, məhsulların etiketlənməsi zamanı istehsal tarixinin dəyişdirildiyi məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını qətiyyətlə almaqdadır.
Oxşar xəbərlər
Novxanıda fəaliyyət göstərən kəsim məntəqəsində nöqsanlar aşkarlanıb
Mediada yayımlanan məlumatlar əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonunun Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Qulu Salman oğluna məxsus kəsim məntəqəsində plandankənar yoxlama keçirib. Yoxlama zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmadığı aşkarlanıb. Belə ki, ölçmə vasitələrinin yoxlanmadan keçməsini təsdiq edən sənədlər təqdim edilməyib. Eyni zamanda müəssisədə tullantı sularının kanalizasiya sisteminə axıdılmazdan əvvəl müvafiq qurğular vasitəsilə təmizlənmədiyi müəyyən edilib. Müəssisədə dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı, işçilərin əksəriyyətinin xüsusi geyim forması ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tətbiq edilib. Qeyd edilən nöqsanların aradan qaldırılması üçün işlərə başlanılıb.
İmişlidə antisanitar şəraitdə fəaliyyət göstərən çörək emalı müəssisəsi aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, Məhərrəmov Kamil Vırıcıxan oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal sahəsində divar səthləri təmirsizdir və dezinfeksiyaya davamlı materialdan hazırlanmayıb, xəmirin hazırlanmasında istifadə edilən avadanlıqlar korroziyaya uğrayıb, qida məhsulu ilə təmasda olan masa, alət və avadanlıqlar təmiz saxlanılmır, temperatur rejiminə əməl olunmur, emal prosesində istifadə olunan su filtrasiyadan keçirilmir, müvafiq təmizlik işləri görülmür, işçilər xüsusi geyimlə təmin edilməyib və digər tələblər pozulub. Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, çörək emalı müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
“Dağlılar Balıq” restoranında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları, ev 679 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Niftəliyev Pərviz Şakir oğluna məxsus “Dağlılar Balıq” ictimai iaşə müəssisəsində yoxlama keçirib. Baxış zamanı obyektdə balıq və balıq məhsullarının baytarlıq sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb. Eyni zamanda sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmur, texnoloji ardıcıllıq və mal qonşuluğu prinsipi pozulub, bəzi qida məhsulları birbaşa döşəmənin üzərində saxlanılır, soyuducularda rəflər korroziyaya uğrayıb, işçilər ilkin və dövrü tibbi müayinədən keçirilmir, müvafiq təmizlik işləri aparılmır və digər nöqsanlar müəyyən edilib. Balıq məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvvəqəti dayandırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş