Aprelin 29-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib
30 Aprel 2022 11:27
İclasda əvvəlcə “Distillə yolu ilə əldə edilən alkoqollu içkilərə dair sanitariya normaları və qaydaları” layihəsi müzakirə edilib. Layihə barədə Şura üzvlərinə AQTA-nın Qida Təhlükəsizliyi şöbəsinin əməkdaşı məlumat verib. Qeyd edilib ki, layihə müzakirələrdən, Şura tərəfindən təkliflər verildikdən sonra baxılması və təsdiq olunması üçün aidiyyatı qurumlara göndəriləcək.
Daha sonra Şura üzvləri Azərbaycan Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının rəhbərliyi, müxtəlif ət məhsulları şirkətlərin nümayəndələrini dinləyib. Qonaqlar bildirib ki, hazırda ət və ət məhsulları istehsalı ilə məşğul olan bəzi şirkətlər istehsal etdikləri məhsulların etiket məlumatlarında düzgün məlumatlar yerləşdirmir, nəticədə rəqabətlilik prinsipi ilə yanaşı istehlakçı hüquqlarını da kobud şəkildə pozurlar. Şura üzvləri isə bu barədə konkret şirkət və əmttə nişanı adları ilə Şuraya və ya AQTA-ya müraciət etməyin zəruri olduğunu bildiriblər.
Müzakirələr sual-cavablarla davam etdirilib.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
Oxşar xəbərlər
AQTA və DİN birgə əməliyyat keçirib - 2 tona yaxın istehlaka yararsız ət məhsulu aşkarlanıb - VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən istehlakçı hüquqlarının qorunması, eləcə də təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədilə birgə əməliyyat keçirilib. Keçirilən növbəti əməliyyat zamanı Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb. Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar. Sexə baxış zamanı 2 tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub. Araşdırmalarla müəyyən edilib ki, E.Ağayev və digərləri xəstə, həmçinin artıq təsərrüfatda istifadəsi mümkün olmayan iribuynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bazarda satışa çıxarılan dana əti basdırmasında at DNT-si aşkarlanıb
Ucuz kolbasa məhsullarının satışı ilə bağlı mediada yayılan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C ünvanında fəaliyyət göstərən “Kəngərli” firmasına məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq keçirilib. Ət məhsullarından nümunələr götürülərək mikrobioloji göstəriciləri və tərkibindəki ətin mənşəyinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsində dana əti basdırması məhsulunda at DNT-si aşkarlanıb. Bununla əlaqədar, bazarda fəaliyyət göstərən fiziki şəxs Rzayev Azad Rza oğluna məxsus anbar və satış obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan kolbasa, dana əti basdırması, çaxır, konyak və pendirlərin satışa çıxarıldığı, “Nemiroff” əmtəə nişanlı araq, konyak və çaxır məhsullarının idxal sağlamlıq aktının olmadığı, həmçinin pendir və dana əti basdırması məhsullarının soyuducudan kənarda, temperatur rejimi gözlənilmədən saxlanıldığı, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu müəyyən edilib. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, satışa çıxarılan ət məhsulu, alkoqollu içki və pendirlərdən nümunələr götürülərək müayinələrə cəlb edilib.
AQTA nümayəndələri Tacikistanda beynəlxalq tədbirdə iştirak edir
10–14 noyabr 2025-ci il tarixlərində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Avropa Komissiyasının Dabaq üzrə ofisinin birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatı/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taun xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq üzrə Yol Xəritəsi” mövzusunda beynəlxalq tədbir keçirilir. Tədbirdə ölkəmizi Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Qalib Əbdüləliyev və Heyvan sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun baş məsləhətçisi Natiq Cavadov təmsil edir. Xırdabuynuzlu heyvanların taun və dabaq xəstəliklərinə qarşı birgə mübarizə, peyvəndləmə strategiyalarının təkmilləşdirilməsi, laborator və nəzarət sistemlərinin gücləndirilməsi, eləcə də transsərhəd əməkdaşlıq və regional strategiyaların uyğunlaşdırılması məsələləri tədbirin müzakirə mövzularındandır. Qeyd edək ki, bu təşəbbüs 2030-cu ilədək xırdabuynuzlu heyvanlarda taunun tam ləğvi və dabaq xəstəliyinə nəzarətin gücləndirilməsi üzrə qlobal hədəflərə nail olmaq məqsədi daşıyır.
Giriş