
Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi 43B ünvanında yerləşən, fiziki şəxs Behbudova Vüsalə Tahir qızına məxsus “VİP” şirniyyat istehsalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi tələblərinin ciddi şəkildə pozulduğu aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən AQTA-nın sədr müavini Əziz Şərifov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı qətliamının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. XX əsrin dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisənin məqsədli şəkildə həyata keçirildiyini, yüzlərlə Xocalı sakininin amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. Sədr müavini Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə, həmçinin Xocalıda aparılan quruculuq işlərindən bəhs edib və şəhidlərimizin ruhunun şad olduğunu bildirib. Həmçinin ildönümü ilə əlaqədar AQTA kollektivi soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib. Agentliyin regional bölmələrində də Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbirlər keçirilib. Tədbirlərdə Xocalı soyqırımının Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsi olduğu qeyd edilib.

Martın 7-si saat 10:00-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq martın 6-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində fəaliyyət göstərən fiziki şəxs Həsənov Nurəli Şükür oğluna məxsus ət satışı məntəqəsində satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində mal DNT-si ilə yanaşı, camış DNT-si də aşkarlanıb. Məntəqədə keçirilmiş plandankənar yoxlama zamanı ətlərin baytarlıq sənədləri olmadan satışının həyata keçirildiyi müəyyən edilib. Faktla bağlı fiziki şəxs inzibati məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 17-21 fevral tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Lənkəran və İmişli rayonlarında fəaliyyət göstərən 2 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər fevralın 27-si saat 14:00-da onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Hindistan Respublikasının Madhya-Pradeş bölgəsində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Madhya-Pradeş bölgəsində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quaruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “HALAL” sertifikatlaşma prosesini davam etdirir. “HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının islam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir. Eyni zamanda istehsalçı müəssisənin məhsullarına etibarlılığı, eləcə də istehsal və ixrac imkanlarını artırır. İnstitut tərəfindən uyğunluq sertifikatının təqdim edilməsi prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə müştəri tərəfindən www.afsi.gov.az veb səhifəsində göstərilən müraciət forması və ərizə doldurularaq halal@afsi.gov.az elektron poçt ünvanına göndərilir. Sonra İnstitutda daxil olan müraciət yoxlanılır, müştəriyə qiymət təklifi və müqavilə göndərilir. Ardınca müştərinin obyektinin halal qaydalara uyğunluğu və həmin müəssisənin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Sonda qiymətləndirmə prosseslərinin nəticəsinə əsasən, obyekt tələblərə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsi tərəfindən etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir. “HALAL” sertifikatlaşma prosesi isə 4 kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanlarla quşların kəsimini, balıq məhsullarının emalını, süd və süd məhsullarını, eyni zamanda emal olunmuş ət məhsullarını əhatə edir. Qeyd edək ki, AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub. Bununla da, İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahib olub. Akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartı əsasında həyata keçirilib. AQTİ-də “HALAL” sertifikatlaşma prosesi ilə bağlı Sertifikatlaşma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr fəaliyyət göstərir.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli fevralın 21-i Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax, Tovuz rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Analiz nəticəsində 38000 ədəd tingdə şarka virusu aşkarlanıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub dairəsində dabaq, Sloveniya Respublikasının Podravska regionunda, Polşa Respublikasının Lodz inzibati ərazisində Nyukasl, Nigeriya Federativ Respublikasının Federal paytaxt ərazisində, Nepal Federativ Demokratik Respublikasının Koşi əyalətində, İngiltərənin Şimal-Qərbi İngiltərə regionunda, Kanadanın Nyufaundlend və Labrador əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların, quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 74F ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Zaur Zakir oğluna məxsus “Ocean Fish” qida məhsullarının satışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Yoxlama zamanı satışı həyata keçirilən “Лос”, “Puem”, “Мясо Cибирского Mедведя”, “Mясо Бобра”, “Деликатес Дичь”, “Mедведь” əmtəə nişanlı konservləşdirilmiş qida məhsullarının və “Kосули”, “Заица” əmtəə nişanlı kolbasa məhsullarının keyfiyyət və təhlükəsizliyini təsdiq edən idxal sağlamlıq aktının, həmçinin mənşə sənədlərinin mövcud olmadığı müəyyən edilib. Eyni zamanda məhsulların üzərində Azərbaycan dilində etiket məlumatlarının qeyd olunmadığı məlum olub. Mağazada mənşəyi məlum olmayan qırmızı kürü, kolbasa və pendir məhsulları da aşkarlanıb. Aşkar olunan fakt üzrə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və məhsulların satışı qadağan edilib. Eyni zamanda məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq məlumatlar toplanaraq hüquq-mühafizə orqanına göndərilib.