AQTA bayram günlərində saxta spirtli içkilərlə bağlı istehlakçıları diqqətli olmağa çağırıb
19 Dekabr 2024 12:05
Yeni il bayramı ərəfəsində spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçıları diqqətli olmağa çağırıb.
Bəzi xarici ölkələrlə yanaşı, ölkəmizdə də bayram ərəfəsində qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində AQTA və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir və aşkar olunan qanunazidd hallarla bağlı ən sərt tədbirlər görülür. Bununla yanaşı, istehlakçıların da bu məsələdə daha diqqətli olması tövsiyə olunur.
Mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur.
Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir. Həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar bu cür qanunsuz fəaliyyətlə gizli və qapalı məkanlarda məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var.
Vətəndaşlardan belə qanunsuz hallarla rastlaşdıqda aidiyyəti dövlət orqanlarına, o cümlədən Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur. Eyni zamanda ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirmələri, qida təhlükəsizliyi ilə bağlı müvafiq sənədləri tələb etmələri tövsiyə olunur.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində İşçi Qrupun iclası keçirilib
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin nəticələrinin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupun iclası keçirilib. Görüşdə zərərvericinin yayılma vəziyyəti, aparılan monitorinqlərin nəticələri və mübarizə tədbirlərinin səmərəliliyinin artırılması müzakirə olunub. Bildirilib ki, hazırda monitorinqlər intensivləşdirilib. Aparılan müşahidələr göstərir ki, havaların soyuması ilə əlaqədar zərərverici yaşayış evlərində, ictimai iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda toplanır. Qışlama dövründə zərərvericinin vaxtında aşkarlanıb məhv edilməsi onun populyasiyasını azaltmaqla növbəti vegetasiya dövründə yarana biləcək iqtisadi zərərin qarşısını alır. Görüşdə yerli əhali və sahibkarlar üçün maarifləndirici tədbirlərin keçirildiyi, zərərvericinin yayılma yolları və mübarizə üsulları barədə məlumat verildiyi qeyd olunub. Eyni zamanda, çap materiallarının paylanıldığı, media və sosial şəbəkələr vasitəsilə məlumatlandırma işlərinin aparıldığı diqqətə çatdırılıb.
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş