AQTA bəzi ölkələrin qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyini tanıyıb
5 Mart 2024 14:41
Azərbaycan Respublikasının Qida Təhlükəsiziyi Agentliyi (AQTA) tərəfindən Rusiya Federasiyasının və Böyük Britaniyanın qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi tanınıb. Bununla bağlı AQTA qərar qəbul edib.
Qərara uyğun olaraq, bundan sonra yüksək riskli qida məhsulları istehsal edən adıçəkilən ölkələrin müəssisələri əlavə qiymətləndirmə aparılmadan respublikamıza məhsullarının ixracını həyata keçirə biləcək. Belə ki, təsdiq sisteminin ekvivalentliyi tanınan ölkələrin səlahiyyətli qurumları tərəfindən xarici qida obyektlərinin təsdiqinə dair müvafiq rəsmi məlumatlar olduğu və ya həmin obyektlər tərəfindən bu barədə Agentliyə müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda, onların yenidən təsdiqi tələb olunmur. Bu isə ölkəmizlə həmin dövlətlər arasında qida məhsullarının ticarət dövriyyəsinin artmasına öz töhfəsini verəcək.
Qeyd edək ki, müvafiq qərar qəbul olunmamışdan əvvəl qida təhlükəsizliyi sisteminin qiymətləndirilməsi məqsədi ilə Agentlik tərəfindən hər iki ölkəyə müvafiq sorğular ünvanlanıb və lazımi məlumatlar əldə edilib. AQTA həmin dövlətlərin qida təhlükəsizliyi sistemini yerində qiymətləndirib. Bundan sonra Rusiya Federasiyası ilə Böyük Britaniyanın qida təhlükəsizliyi, o cümlədən yoxlama və nəzarət sisteminin Azərbaycanda tətbiq olunan sistemlə, eləcə də Kodeks Alimentarius Komissiyasının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartları ilə uyğunluğu, həmçinin qida və yem məhsullarının ticarət dövriyyəsi zamanı müəyyən edilmiş qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunsuzluqların statistikası nəzərə alınaraq müvafiq qərar qəbul olunub.
Qərara əsasən, tanınma üçün əsas götürülmüş meyarlar üzrə tələblərə uyğunsuzluğu barədə sübutlar əldə edildikdə və ya həmin ölkələrdən respublikamıza təkrar olaraq insan və heyvan həyatı ilə sağlamlığı üçün təhlükəli olan qida və yem məhsulları idxal edildiyi halda, həmin dövlətlərin təsdiq sisteminin ekvivalentliyinin ləğv olunması məsələsi Agentliyin Kollegiyasının müzakirəsinə çıxarılacaq.
Oxşar xəbərlər
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
AQTA-nın idxal-ixrac əməliyyatları üzrə göstərdiyi elektron xidmətlər daha da təkmilləşdirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Elektron xidmətlər vasitəsilə idxal və ixrac əməliyyatları üzrə müraciətlərin qəbulu, tələb olunan sənədlərin təqdim edilməsi, müraciətlərin icra vəziyyətinin izlənilməsi və nəticələr barədə məlumatlandırma tam rəqəmsal mühitdə həyata keçirilir. Beləliklə, sahibkarlar müvafiq xidmətlərdən məsafədən istifadə etmək imkanı əldə edib, sənədləşmə prosesi isə daha sadə və operativ olub. Elektron xidmətlərin istifadəyə verilməsi ilə müraciətin qəbulundan yekun qərarın rəsmiləşdirilməsinədək bütün mərhələlərin sistem üzərindən izlənilməsi təmin edilib. Dövlət rüsumları və laborator xidmət haqları elektron qaydada ödənilir, sertifikatlaşdırma prosesləri isə rəqəmsal mühitdə aparılır. Bu yanaşma təmasları minimuma endirir, subyektiv müdaxilə imkanlarına yol vermir və qərarların qəbulunda şəffaflığı artırır. Sistem idxal və ixrac olunan məhsullara nəzarətin risk əsaslı yanaşma üzrə təşkilinə də imkan verir. Məhsulun növü və mənşə ölkəsi, istehsalçı və ixracatçı müəssisə, əvvəlki nəzarət və laborator müayinələrin nəticələri, aşkar edilmiş uyğunsuzluqlar və digər risk göstəriciləri elektron qaydada təhlil olunur. Bunun əsasında nəzarət tədbirləri daha dəqiq və məqsədyönlü planlaşdırılır. Elektron xidmətlərin tətbiqi sahəsində AQTA tərəfindən idxal və ixrac əməliyyatlarının icra müddətinin qısaldılmasına, inzibati prosedurların sadələşdirilməsinə və sahibkarlar üçün bərabər xidmət mühitinin yaradılmasına şərait yaradır. Eyni zamanda, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətin səmərəliliyi artırılır. Qeyd edək ki, AQTA elektron xidmətlərin funksional imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir və bu elektron tətbiq idxal və ixrac əməliyyatlarında çevikliyin və şəffaflığın artırılması, sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır.
AQTA ilə İranın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İran İslam Respublikasının Kənd Təsərrüfatı-Cihad Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüş zamanı bitki və heyvan sağlamlığı, baytarlıq və fitosanitar nəzarətə aid olan məhsulların idxalı və ixracı ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması və birgə mübarizə tədbirlərinin həyata keçirilməsi, qarşılıqlı ticarət və tranzit zamanı fitosanitar nəzarətin gücləndirilməsi, eləcə də bu sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş