AQTA bioloji aktiv qida məhsulları ilə bağlı istehlakçılara müraciət edib
12 İyul 2024 11:19
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji aktiv qida məhsulları ilə bağlı istehlakçılara müraciət edib.
Müraciətdə bildirilir ki, hazırda ölkəmizdə dövriyyədə olan bioloji aktiv qida məhsullarının (BAQM) əksər hissəsi idxal olunan məhsullardır. Bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə verilir.
Bioloji aktiv qida məhsulları qida rasionunu zənginləşdirmək üçün vasitədir. Bu məhsulların buraxılış forması və digər qida məhsullarından fərqli olaraq gündəlik qəbuletmə dozasının müəyyənləşdirilməsi, həmçinin qablaşdırılmasına görə dərman vasitələrinə bənzəsə də, heç bir halda dərman vasitəsi deyildir. Dolayısı ilə bu məhsullar xəstəliklərin müalicəsi və profilaktikası gücünə də malik deyil. Hətta BAQM-lar normal qidalanmanı əvəz etmir.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşmədən bioloji aktiv qida məhsullarının qəbulu yolverilməzdir.
İstehlakçılardan xahiş olunur ki, satış şəbəkələrində bioloji aktiv qida məhsulları ilə bağlı hər hansı uyğunsuzluq və ya qanunsuz hal müşahidə etdikdə bununla bağlı AQTA-nın “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər.
Unutmayın ki, bioloji aktiv qida məhsullarından yanlış istifadə sağlamlığınıza zərər verə bilər.
Oxşar xəbərlər
AQTA əməkdaşları Çində beynəlxalq təlimdə iştirak ediblər
10–23 noyabr tarixlərində Çin hökuməti tərəfindən həyata keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində inspeksiya və karantin standartları üzrə beynəlxalq təlim keçirilib. Pekin və Sian şəhərlərində baş tutan təlimdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları da iştirak ediblər. Təlimin əsas məqsədi inspeksiya və karantin sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarətində fitosanitar təhlükəsizliyin gücləndirilməsi olub. Təlim çərçivəsində ÇXR-in bitki karantini sistemi, idxal-ixrac əməliyyatlarında fitosanitar nəzarət, zərərli orqanizmlərin aşkarlanması, laborator müayinə üsulları, fitosanitar risklərin qiymətləndirilməsi və müasir nəzarət mexanizmlərinin tətbiqi üzrə təqdimatlar dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 3-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 1003 256 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla dekabrın 2-si saat 13:00-dək qəbula yazıla bilərlər.
Kürdəmirdə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Kürdəmir rayonu, Bakı prospekti, Dördyol dairəsində yerləşən, Baxşıyev Nizami Vəlixan oğluna məxsus “Güvən Store” marketdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbiri keçirilib. Marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları, saxtalaşdırılaraq istehsal edilmiş “Organic Gold”, “Gümüş Güllə”, ”Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq araşdırılması üçün aidiyyəti orqana göndərilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş