AQTA-da ölkəmizə bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla növbəti görüş keçirilib
18 İyul 2024 09:26
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizə bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla növbəti görüş olub.
Tədbir respublikamıza bioloji aktiv qida məhsullarının idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, bu sahədə sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə metodiki kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.
Görüşdə bildirilib ki, AQTA ölkədə istehsal edilən və respublikaya idxal olunan bioloji aktiv qida məhsulları üzərində nəzarət və tənzimləmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində son vaxtlar ölkəyə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının laborator müayinələri zamanı ciddi uyğunsuzluqlar aşkarlanıb. Həmçinin ölkəmizə idxal edilən bir çox bioloji aktiv qida məhsullarının istehsalçı ölkədə qeydiyyatdan keçmədiyi və satış dövriyyəsində olmadığı müəyyən edilib. Bioloji aktiv qida məhsullarının idxalı ilə əlaqədar mövcud vəziyyət təhlil olunaraq Agentlik tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edilib. Bir daha vurğulanıb ki, Agentlik tərəfindən əhalinin həyat və sağlamlığının yüksək səviyyədə təmin olunması məqsədilə istər yerli, istərsə də idxal edilən, qanunvericiliyin tələblərinə uyğun olmayan bioloji aktiv qida məhsullarının ölkədə dövriyyəsinə icazə verilməyəcək. Eyni zamanda qanunvericiliklə dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının istehsalı, emalı və dövriyyəsinin ölkə ərazisində qadağan olduğu nəzərə çatdırılıb.
Görüş zamanı sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və qarşıda duran məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib.