Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 46 nömrəli tam orta məktəbdə və Slavyan Universitetinin nəzdində məktəb-lisey kompkleksdə təşkil olunub. Tədbirdə iştirak edən hər iki məktəbin 500-dən artıq şagirdinə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Süd məhsullarının faydaları” və “Qazlı-şəkərli içkilərin zərərləri” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.

Rusiya ilə Azərbaycan arasında heyvan sağlamlığı istiqamətində əməkdaşlıq genişləndirilir
Rusiya ilə Azərbaycan arasında heyvan sağlamlığı istiqamətində əməkdaşlıq genişləndirilir

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) Federal Dövlət Büdcə Təşkilatı “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin (ФГБУ «ВНИИЗЖ») nümayəndələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar. AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev nümayəndə heyətinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutda qida təhlükəsizliyi, kompleks tədqiqatlar, həmçinin bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Əli Nəbiyev həmçinin bildirib ki, ölkənin biotəhlükəsizlik statusunun daimi nəzarətdə saxlanması üçün xüsusi təhlükəli xəstəliklərin vaxtında və dəqiq laborator diaqnostikası həyata keçirilir. Müayinələr peşəkar kadrlar tərəfindən beynəlxalq standartlara uyğun, etibarlı və yüksək dəqiqlikli diaqnostik dəstlərdən istifadə etməklə aparılır. Stasionar laboratoriyalarla yanaşı, 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyalar da epizootoloji monitorinqlər zamanı geniş şəkildə istifadə olunur. Nümayəndə heyətinə başçılıq edən “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin Tver filialının direktoru Yuliya Jiqareva AQTİ-nin fəaliyyətini yüksək qiymətləndirib və iki ölkənin müvafiq qurumları arasında heyvan xəstəlikləri üzrə elmi-tədqiqat işləri, peyvənd istehsalı, idxal-ixrac əməliyyatları zamanı laborator müayinələrin operativ aparılması istiqamətində geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. Görüşdən sonra qonaqlar AQTİ-nin Nümunələrlə iş şöbəsi ilə yaxından tanış olublar. Qeyd olunub ki, əsas məqamlardan biri nümunənin sənədlərlə birlikdə təqdim edilməsi və laborator analizlər üçün yararlı olmasıdır. Məxfiliyin qorunması məqsədi ilə nümunə qəbul edildikdən sonra qablaşmanın üzərinə barkod vurulur. Barkodda yalnız nümunənin identifikasiya kodu, laboratoriyanın və nümunənin adı, nümunənin götürülmə və istehsal tarixi məlumatları qeyd olunur. Sonra isə nümunələr analiz üçün müvafiq laboratoriyalara təhvil verilir.

“8-ci km” bazarında yerləşən “Nəzrin-E” MMC-də aparılan yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb - VİDEO
“8-ci km” bazarında yerləşən “Nəzrin-E” MMC-də aparılan yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb - VİDEO

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən növbəti nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, əhali arasında “8-ci km” bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən “Nəzrin-E” MMC-yə məxsus bazarda plandankənar yoxlama aparılıb. Keçirilmiş nəzarət tədbirləri zamanı süd və süd məhsullarının, müxtəlif növ turşuların və diri balıqların satış bölmələrində məhsulların açıq şəraitdə, tələb olunan soyuducu avadanlıqlar olmadan, temperatur rejiminə əməl edilmədən və baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib. Eyni zamanda, bazarın daxilində diri quşların satışı və kəsiminin qanunsuz şəkildə həyata keçirdiyi məlum olub. Aşkarlanan faktlar heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə yanaşı, ərazidə ümumi sanitariya vəziyyəti üçün də ciddi risk yaradır. Müəyyən edilmiş nöqsanlarla bağlı qida subyekti barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunsuz fəaliyyət göstərən quş kəsimi yerinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

AQTA əməkdaşları Zaqatalanın kəndlərində zərərvericiyə qarşı mübarizə tədbirləri həyata keçirirlər - VİDEO
AQTA əməkdaşları Zaqatalanın kəndlərində zərərvericiyə qarşı mübarizə tədbirləri həyata keçirirlər - VİDEO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının və regional bölmələrinin əməkdaşları Zaqatala rayonunun kəndlərində Qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə tədbirlərini davam etdirirlər. Agentliyin regional bölmələrindən ezam olunan əməkdaşlar Zaqatala rayonunun Muğanlı və 3-cü Tala kəndlərində genişmiqyaslı monitorinqlər aparıb və əhali ilə birgə mübarizə fəaliyyətləri həyata keçiriblər.  AQTA əməkdaşları sakinlərlə birlikdə 500-dən çox evdə zərərvericinin qışlama üçün gizləndiyi yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Qışlama mərhələsində olan on minlərlə zərərverici fərd aşkar edilərək mexaniki üsulla məhv edilib.  Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara məlumatlandırıcı bukletlər təqdim edilib. Qeyd olunub ki, Qəhvəyi mərmər bağacığı ilə mübarizədə vətəndaşlar dövlət qurumları ilə həmrəylik nümayiş etdirməli, hər bir ev sahibi öz ərazisində profilaktik və mexaniki mübarizə tədbirlərini ardıcıl şəkildə həyata keçirməli, xüsusilə də zərərvericini qışlama yerlərində vaxtında məhv etməlidir.  Yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də zərərvericilərin mexaniki üsullarla toplanaraq məhv edilməsi xüsusilə vacibdir.  Vurğulanıb ki, beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə geniş tətbiq olunur. Hazırkı qışlama dövründə mexaniki mübarizə tədbirlərinin həyata keçirilməsi zərərvericinin populyasiyasının azalmasına və növbəti mövsümdə onun yayılmasının qarşısının alınmasına ciddi təsir edə bilər.

Balakəndə Regional Əlaqələndirmə Mərkəzinin Qəhvəyi mərmər bağacığı ilə bağlı növbəti iclası keçirilib
Balakəndə Regional Əlaqələndirmə Mərkəzinin Qəhvəyi mərmər bağacığı ilə bağlı növbəti iclası keçirilib

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir. Qarşıda duran növbəti addımları müzakirə etmək məqsədilə Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak edib. Tədbirdə vurğulanıb ki, zərərvericinin qışlama yerlərinin aşkarlanması məqsədilə keçirilən monitorinqlərin intensivliyi artırılıb. Bununla yanaşı, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Maarifləndirici çap materialları yerli əhali arasında paylanır və müvafiq sahələrə yerləşdirilir.  Bildirilib ki, Qəhvəyi mərmər bağacığı qışlama dövründə sığınacaq yerlərində qrup halında toplanır. Məhz bu dövrdə aparılan hədəfli mübarizə növbəti il üçün mümkün kütləvi artımın qarşısını alan ən təsirli müdafiə tədbiri hesab olunur. Qışlama mərhələsində həyata keçirilən məhvetmə prosesləri həm populyasiyanın azalmasına, həm də növbəti mövsümlərdə məhsuldarlığın qorunmasına mühüm töhfə verir. Ölkə üzrə fitosanitar sabitliyin təmin olunması, zərərvericinin yayılma ocaqlarının ləğvi və mübarizə tədbirlərinin sistemli şəkildə həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb