Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq. Belə ki, Almaniyanın paytaxtı Berlində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Kodeks Koordinasiya Komitəsinin 34-cü sessiyası keçirilib. Almaniyanın Koordinator ölkə kimi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu funksiyanın növbəti dövr üçün Azərbaycan tərəfindən həyata keçirməsi təklif olunub. Komitənin 52 üzvü Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləyib. Kodeks Alimentarius Komissiyasının növbəti sessiyasından etibarən Azərbaycan öz funksiyasının icrasına başlayacaq. Azərbaycanın Koordinator kimi əsas vəzifələrindən biri Avropa regionu ölkələri arasında Kodeks Alimentarius Komissiyasının fəaliyyəti, qida təhlükəsizliyi və qida məhsullarına dair beynəlxalq standartların tətbiqi ilə bağlı əməkdaşlığın əlaqələndirilməsinə töhfə verməklə komitənin rəhbərliyini həyata keçirmək olacaq. Qeyd edək ki, 21-25 sentyabr tarixlərində baş tutan sessiyada Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Zəkiyyə Mustafayeva və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Ramazan Nəbiyev iştirak ediblər. Ətraflı:
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. Təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilib, bu qaydalara gündəlik fəaliyyət zamanı riayət etməyin vacibliyi vurğulanıb. Təlimçi tərəfindən qida zəncirinin bütün mərhələlərində yarana biləcək risklər, o cümlədən fiziki, kimyəvi və bioloji təhlükələr barədə məlumat verilib. Eyni zamanda, müəssisələrdə həyata keçirilməli olan gigiyenik tədbirlər, qida məhsullarının saxlanılması və dövriyyəsi zamanı riayət edilməli gigiyena tələbləri iştirakçıların diqqətinə çatdırılıb. Təlimin sonunda isə interaktiv müzakirələr aparılıb və təlim iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli oktyabrın 1-i saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla sentyabrın 30-u saat 17:00-dək qəbula yazıla bilərlər.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Agentliyin rəhbər heyəti və əməkdaşları iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalına son qoyulub və Azərbaycanın ərazi bütövlüyünün bərpası təmin edilib. Daha sonra 27 Sentyabr – Anım Günü ilə əlaqədar tanınmış jurnalist, media eksperti və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevin müəllifi olduğu “Qanadı sınmış mələklər” filminin nümayişi təşkil edilib. Sənədli film haqqında məlumat verən müəllif bildirib ki, ekran əsəri Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində dünyasını dəyişmiş və ailə üzvlərini itirmiş uşaqların həyatından bəhs edir. Filmdə Vətən müharibəsi dövründə Gəncədə baş verən faciəvi hadisələrin uşaqların taleyinə təsiri real həyat hekayələri əsasında təqdim olunur. Ekran əsəri şəhidlərin xatirəsinin yaşadılması və müharibənin dəhşətlərinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Tədbirin sonunda film nümayiş olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dünyanın müxtəlif ölkələrindən minlərlə azarkeşi Bakıda bir araya gətirən “Formula 1 Azərbaycan Qran-Prisi” çərçivəsində tədbir iştirakçılarının və qonaqların qidalandığı məkanlarda qida təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət edilir. Mötəbər idman yarışının yüksək səviyyədə təşkili və keçirilməsi məqsədilə qidaların hazırlandığı, saxlanıldığı və təqdim edildiyi ərazilərdə Agentliyin 32 mütəxəssisdən ibarət heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Keçirilən monitorinqlərin əsas məqsədi qidalanmanın təşkili zamanı sanitar-gigiyenik tələblərə riayət olunmasını qiymətləndirmək, həmçinin qida məhsullarının xammal mərhələsindən son istehlakadək bütün mərhələlərində təhlükəsizliyini təmin etməkdir. Qeyd edək ki, ölkəmizdə daha əvvəl uğurla keçirilmiş COP29, III MDB Oyunları, Beynəlxalq Astronavtika Konqresi, WUF13 və digər kütləvi tədbirlər zamanı tətbiq olunan effektiv nəzarət mexanizmləri və risk əsaslı yanaşmalar “Formula 1 Azərbaycan Qran-Prisi” çərçivəsində də həyata keçirilir. Beynəlxalq tədbir müddətində AQTA əməkdaşları qida təhlükəsizliyinin təmin olunması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Gəncə şəhəri və Göygöl, Samux rayonlarında fəaliyyət göstərən bir neçə ictimai iaşə müəssisəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, 4 ictimai iaşə müəssisəsində müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb və fəaliyyətlərinin davam etdirilməsinə icazə verilib. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində fəaliyyət göstərən, fiziki şəxs Əlizadə Alim Mövsüm oğluna məxsus ictimai iaşə müəssisəsi; 2. Gəncə şəhəri, Ş.İ.Xətai prospekti və X.Şirvani küçəsinin kəsişməsində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Elvin Natiq oğluna məxsus çayxana; 3. Göygöl rayonu, Göygöl şəhəri, A.Kazımov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimova Ruhiyə Namaz qızına məxsus çayxana; 4. Samux rayonu, Qarayeri qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Mehvalıyev Elvin Rza oğluna məxsus çayxana.
Respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən balıqçılıq subyektlərində infeksion və invazion xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi, xəstəliklərin erkən aşkarlanması və yayılma risklərinin müəyyənləşdirilməsi məqsədilə monitorinq aparılacaq. 5–9 oktyabr tarixlərində keçiriləcək tədbirlər balıqçılıq və akvakultura məhsullarının istehsalı, yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan, həmçinin beynəlxalq ticarətdə iştirak edən və ya belə imkanlara malik 26 təsərrüfatı əhatə edəcək. Monitorinq çərçivəsində balıqların həssas olduğu xəstəliklər üzrə klinik və epizootoloji müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Təsərrüfatlarda baytarlıq norma və tələblərinə əməl olunması vəziyyəti də nəzərdən keçiriləcək, sahibkarlıq subyektləri üçün maarifləndirici tədbirlər təşkil olunacaq. Epizootoloji vəziyyətə dair müvafiq məlumatlar təhlil ediləcək. Tədbirlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssisləri iştirak edəcəklər. Qeyd edək ki, balıq xəstəlikləri üzrə epizootoloji vəziyyətin mütəmadi öyrənilməsi balıqçılıq və akvakultura məhsullarının beynəlxalq ticarəti baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən müvafiq hesabatlarda əks olunur.
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Bakı, Sumqayıt və Şirvan şəhərində fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar aşkarlayıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülüb.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində qida zəncirinə nəzarətdə innovativ üsulların tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Proqramın 6.1.8-ci – “Qida zəncirinə nəzarət sahəsində innovativ üsulların tətbiqinin genişləndirilməsi” prioritet istiqaməti üzrə Agentliyin və digər dövlət orqanlarının informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi, rəqəmsal həllərin tətbiqinin təkmilləşdirilməsi planlaşdırılır. Tədbirlər Planına əsasən, informasiya sistemləri arasında məlumat mübadiləsinin genişləndirilməsi qida təhlükəsizliyi ilə bağlı tədbirlərin daha operativ həyata keçirilməsinə imkan yaradacaq. Eyni zamanda, AQTİS-in müvafiq altsistemlərinin təkmilləşdirilməsi, o cümlədən heyvan sağlamlığı üzrə elektron hesabatlılıq və xəritələşmə imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Dövlət Proqramının yeniliklərindən biri də qida zəncirinin bütün mərhələlərində – istehsal, emal, daşınma və satışa qədər müasir texnologiyaların tətbiqinə başlanılmasıdır. Pilot layihə çərçivəsində 50 qida subyektinin vahid izlənilməyə dair proqram təminatına qoşulması təmin ediləcək. Bununla yanaşı, qida obyektlərində məhsulların izlənilməsi üçün müasir texnologiyalardan istifadənin vacibliyi barədə məlumatlandırma aparılacaq və onların tətbiqinin təşviqi genişləndiriləcək. Bundan əlavə, Tədbirlər Planının 6.1.8.3.7-ci bəndinə əsasən, qida təhlükəsizliyi ilə bağlı risklərin və potensial problemlərin təhlilinə imkan verən süni intellekt modelinin tətbiqi nəzərdə tutulur. Beləliklə, Dövlət Proqramı qida zəncirinə nəzarətdə informasiya sistemlərinin inteqrasiyasını, izlənilmə imkanlarının genişləndirilməsini və innovativ texnologiyalardan istifadənin təşviqini vahid rəqəmsal yanaşma çərçivəsində birləşdirir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) birgə təşkilatçılığı ilə “Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat” mövzusunda konfrans keçirilib. Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, fermerlərin rifahının yüksəldilməsi və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasətin əsas istiqamətlərindəndir. Nazir qeyd edib ki, dövlət başçısının 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”, eləcə də yeni “Toxumçuluq haqqında” Qanun ölkədə toxumçuluq sektorunun inkişafı üçün yeni imkanlar yaradır. Məcnun Məmmədov diqqətə çatdırıb ki, Aqrar Subsidiya Şurasının 2027-ci il üçün müəyyən etdiyi yeni dəstək mexanizmləri də Dövlət Proqramının prioritetləri ilə uzlaşdırılıb. Yeni dəstək mexanizmlərində ilk dəfə olaraq super elit toxumların əkildiyi sahələr üzrə subsidiyaların artırılmış əmsalla hesablanması, kənd təsərrüfatı texnikalarının alınmasına tətbiq olunan güzəşt faizinin isə 50 faizədək yüksəldilməsi nəzərdə tutulur. Bununla yanaşı, sertifikatlı toxumdan istifadənin genişləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli çıxışında toxumçuluq sektorunun ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, məhsuldarlığın aşağı düşməsinin qarşısının alınması, bitki sağlamlığının qorunması və ölkə ərazisinə təhlükəli zərərli orqanizmlərin daxil olmasının qarşısının alınması məqsədilə idxal olunan bitkiçilik məhsullarına, əkin-səpin materiallarına və toxumlara nəzarət gücləndirilib. Toxum materialları virus və bakterial xəstəliklərə görə müvafiq yoxlamalardan keçirilir, yalnız müəyyən edilmiş sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verən toxumların ölkəyə idxalına icazə verilir. AQTA sədri əlavə edib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində “Bitki sağlamlığı haqqında” yeni Qanunun qəbul edilməsi nəzərdə tutulur. Yeni Qanun bitki sağlamlığı sahəsində hüquqi mexanizmlərin və risk əsaslı fitosanitar nəzarətin təkmilləşdirilməsinə xidmət edəcək. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu FAO ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq çərçivəsində AXA-nın laboratoriya şəbəkəsinin modernləşdirilməsinə, regionda ilk dəfə olaraq toxumluq əkin sahələrinin aprobasiyası prosesinin rəqəmsallaşdırılmasına, həmçinin Xankəndidə müasir tələblərə cavab verən laboratoriya şəbəkəsinin qurulmasına metodoloji dəstək göstərildiyini bildirib. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, aqrar sahəyə dair yeni Dövlət Proqramında kənd təsərrüfatının dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının, məhsuldarlığın əlavə dəyərin və ixracyönümlülüyün artırılması, rəqəmsallaşma və insan kapitalının inkişafı əsas məqsəd kimi qarşıya qoyulub. Konfrans işini panel sessiyalarla davam etdirib. Tədbirin sonunda toxumçuluq sahəsində fəaliyyəti və əldə etdiyi nəticələrlə fərqlənən toxum istehsalçılarına mükafatlar təqdim olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonu, Ü.Hacıbəyli prospektində fəaliyyət göstərən, sahibkar Namazov Saleh Əliş oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı istehsal müəssisəsində sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən olunub. Faktla bağlı inzibati protokol tərtib edilərək icrası məcburi göstərişlər verilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Giriş