Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) struktur bölmə əməkdaşlarının iştirakı ilə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda onlayn formatda təlim keçirilib. Təlim zamanı iştirakçılara korrupsiya ilə mübarizə sahəsində beynəlxalq standartlar və müasir təcrübə, həmçinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib. Eyni zamanda qanunvericiliyə əlavə olunmuş “korrupsiya riski” və “korrupsiya risklərinin idarə edilməsi” anlayışlarının hüquqi mahiyyəti və tətbiqi qaydaları izah edilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
İstehlakçıların sağlamlığının qorunması məqsədilə qida məhsullarının etiketində göstərilməsi zəruri olan 14 allergenlə bağlı tələblərə diqqət yetirin. 1 yanvar 2027-ci il tarixindən etibarən qayda qüvvəyə minir. Əgər məhsulunuzun tərkibində allergenlərdən hər hansı biri varsa, bu barədə məlumat etiketdə aydın şəkildə göstərilməlidir. Allergen riski yalnız istifadə olunan xammalla bağlı deyil. Eyni istehsal xəttində və ya ortaq avadanlıqlarda müxtəlif məhsulların hazırlanması da çarpaz çirklənmə riski yaradır. Bu səbəbdən: İstehsal xətlərinizdə allergen risklərini müəyyənləşdirin; Çarpaz çirklənmə ehtimalını qiymətləndirin; Etiket məlumatlarını vaxtında yeniləyin. İstehlakçıya doğru və aydın məlumat vermək qida təhlükəsizliyinin mühüm şərtlərindən biridir.
Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması, ixrac zamanı yarana biləcək risklərin qarşısının alınması və beynəlxalq tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər həyata keçirir. Bildiririk ki, bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarların məhsulların qablaşdırılması və etiketlənməsi ilə bağlı beynəlxalq tələblərə ciddi riayət etməsi vacibdir. İxrac zamanı idxalçı ölkənin tələbləri nəzərə alınmalı, məhsulun xüsusiyyətlərinə uyğun qablaşdırma növlərindən istifadə edilməlidir. Etiketlər taranın üzərində dayanıqlı, oxunaqlı və möhkəm şəkildə yerləşdirilməli, tələb olunan məlumatlar tam əks olunmalıdır. Eyni zamanda, məhsulların daşınması zamanı istifadə olunan taxta altlıqlar və digər taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyaya uyğun olaraq təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun işlənməlidir. Bu, beynəlxalq ticarət zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, ixracı nəzərdə tutulan bitkiçilik məhsullarının ölkə daxilində bir ərazidən digər əraziyə, o cümlədən yüklərin boşaldılaraq qablaşdırıldığı və ixrac partiyalarının formalaşdırıldığı əraziyə daşınması, eləcə də digər nəqliyyat vasitələrinə yüklənməsi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq daxili karantin sertifikatı ilə müşayiət olunması tələb edilir. Bitkiçilik məhsullarının ixracı zamanı məhsul partiyasının qiymətləndirilməsi və fitosanitar sertifikatla təmin edilməsi üçün isə qanunvericiliyin tələblərinə uyğun olaraq, məhsulun istehsalçısı və mənşəyi barədə düzgün məlumatların təqdim edilməsi vacibdir. Bu istiqamətdə Agentlik tərəfindən ixracatçı sahibkarlarla mütəmadi görüşlər keçirilir, mövsüm ərzində qarşılaşa biləcək risklər və onların həlli yolları barədə məlumat verilir. Agentlik sahibkarları ixrac zamanı qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi əməl etməyə, məhsulların düzgün və təhlükəsiz şəkildə hazırlanmasına çağırır. Tələblərə riayət edilməməsi məhsulların idxalçı ölkə tərəfindən qəbul edilməməsinə, ixrac prosesinin ləngiməsinə və əlavə xərclərin yaranmasına səbəb ola bilər.
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Qazaxda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Ağstafa rayon icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və mütəxəssisləri iştirak ediblər. İclasda zərərvericinin ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, zərərvericinin yayılma arealının genişlənməsinin qarşısının alınması məqsədilə respublikanın müxtəlif bölgələrində mütəmadi monitorinqlər aparılır, aşkar olunmuş ərazilərdə mübarizə və nəzarət tədbirləri görülür. Mübarizə tədbirlərinin kompleks və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının qarşılıqlı fəaliyyəti təmin edilir, məlumat mübadiləsinin operativ təşkili və görülən tədbirlərin nəticələri mütəmadi qiymətləndirilir. İclas zamanı Qazax, Tovuz, Gədəbəy, Şəmkir və Ağstafa rayonlarında aparılmış monitorinqlərin nəticələri diqqətə çatdırılıb, zərərvericinin yayılma dinamikası və müşahidə olunan populyasiya sıxlığı barədə məlumat verilib. Həmçinin mübarizə tədbirlərinin səmərəliliyinin artırılması, monitorinq işlərinin genişləndirilməsi və zərərvericinin yeni ərazilərə yayılmasının qarşısının alınması ilə bağlı təkliflər verilib. Eyni zamanda Amerika ağ kəpənəyi ilə bağlı fitosanitar vəziyyət də diqqətə çatdırılıb. Hər iki zərərverici üzrə mövcud vəziyyətin davamlı nəzarətdə saxlanılması, məlumatların operativ şəkildə ümumiləşdirilməsi və tədbirlərin aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyəti əsasında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Sonda qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib, regionlarda monitorinq və nəzarət işlərinin davam etdirilməsi, əhali və kənd təsərrüfatı istehsalçılarının məlumatlandırılması, eləcə də zərərvericinin aşkarlandığı ərazilərdə müvafiq fitosanitar tədbirlərin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Görüşdən sonra aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən Qırmızı Körpü gömrük postuna baxış keçirilib. Sərhəd-keçid məntəqəsində zərərvericiyə qarşı operativ mübarizə və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi üçün mövcud infrastruktur və texniki imkanlar qiymətləndirilib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 10-u saat 14:30-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla sentyabrın 8-i saat 18:00-dək qəbula yazıla bilərlər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İran İslam Respublikasının Kənd Təsərrüfatı-Cihad Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüş zamanı bitki və heyvan sağlamlığı, baytarlıq və fitosanitar nəzarətə aid olan məhsulların idxalı və ixracı ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması və birgə mübarizə tədbirlərinin həyata keçirilməsi, qarşılıqlı ticarət və tranzit zamanı fitosanitar nəzarətin gücləndirilməsi, eləcə də bu sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi saxta spirtli içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə nəzarət tədbirlərini davam etdirir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri, R.Qasımov küçəsi, ev 68 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elvin Elbrus oğluna məxsus alkoqolsuz içki (kvas) istehsalı müəssisəsində yoxlama keçirib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsi tərəfindən regionun inzibati ərazi vahidlərində karantin tətbiq olunan zərərverici – Amerika ağ kəpənəyinin yayılma arealının müəyyənləşdirilməsi və yayılmasının qarşısının alınması məqsədilə mütəmadi fitosanitar monitorinqlər həyata keçirilir.
Ölkə ərazisində Qəhvəyi mərmər bağacığının yayılmasının və təsərrüfat subyektlərinə vurduğu zərərin qarşısının alınması məqsədilə həyata keçirilən kompleks fitosanitar tədbirlər çərçivəsində Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, ev 112 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Elxan Cəlal oğluna məxsus alkoqollu içkilərin satışı mağazasında plandankənar yoxlama keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 37 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Vilayət Əli oğluna məxsus “Proteinshop.az” idman qidaları satışı mağazasında plandankənar yoxlama keçirilib.
Giriş