Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) təkmilləşdirilməsi istiqamətində İtaliya təcrübəsi öyrənilib
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) təkmilləşdirilməsi istiqamətində İtaliya təcrübəsi öyrənilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti İtaliyada səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Teramo şəhərində keçirilən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzrə Heyvanların Rifahı Platformasının İdarəetmə Qrupunun 27-ci iclasında iştirak edib. İclasda heyvan sağlamlığı və rifahı, qida və beynəlxalq ticarətin təhlükəsizliyi, həmçinin Platformanın fəaliyyət planının icrası ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, Teramoda yerləşən Zooprofilaktika İnstitutunun ekspertləri ilə görüşlər də keçirilib. Görüşlər zamanı Azərbaycanda Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) təkmilləşdirilməsi istiqamətində İtaliya təcrübəsi öyrənilib. Müzakirələrdə heyvanların fərdi identifikasiyası, elektron qeydiyyatı və məlumat bazalarının idarə olunması, digər informasiya sistemləri ilə inteqrasiya, heyvanların hərəkətinin izlənilməsi, eləcə də HİQS-in rəqəmsal infrastrukturunun inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, İtaliya təcrübəsinin öyrənilməsi HİQS-in müasir rəqəmsal həllər əsasında təkmilləşdirilməsinə, heyvan sağlamlığına nəzarətin və qida təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verəcək.

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür
Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ümumdünya Qida Günü 1945-ci il oktyabrın 16-da təsis edilib. Bu gün, həmçinin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaranması günü kimi qeyd olunur. Ümumdünya Qida Günü ilə əlaqədar müzakirələr qlobal miqyasda aclığın aradan qaldırılması və dayanıqlı qida sistemlərinin inkişaf etdirilməsi zərurəti fonunda getdikcə daha da aktuallaşır. Bu mühüm gün 2026-cı ildə "Bu gün innovasiya et, sabahı qidalandır” mövzusunda qeyd olunur. FAO tərəfindən seçilən bu mövzu qlobal aclığa son qoymaq və aqrar-ərzaq sistemlərini yenidən qurmaq üçün elm, texnologiya, rəqəmsal innovasiyalar və yerli biliklərin birləşdirilməsinin vacibliyini vurğulayır. Azərbaycanda əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla, qida zəncirinin bütün mərhələlərində risklərin idarə olunması, nəzarət və monitorinq tədbirlərinin həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, laboratoriya imkanlarının genişləndirilməsi və sahibkarlarla istehlakçıların məlumatlılığının artırılması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən kompleks tədbirlər həyata keçirilir. Hazırda qida təhlükəsizliyinə nəzarətdə risk əsaslı yanaşmanın tətbiqi, qida məhsullarının ilkin istehsal mərhələsindən istehlakçıya çatdırılanadək izlənilməsi, qida obyektlərində təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət, laboratoriya müayinələrinin aparılması və aşkar olunan uyğunsuzluqların aradan qaldırılması əsas istiqamətlərdəndir. İstehlakçıların məlumatlandırılması və maarifləndirilməsi istiqamətində də sistemli tədbirlər həyata keçirilir.  Son dövrdə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və qida zəncirində risklərin daha səmərəli idarə olunması istiqamətində mühüm işlər görülüb. Bu tədbirlər əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunmasına, qida təhlükəsizliyi sisteminin davamlı inkişafına və istehlakçı hüquqlarının qorunmasına xidmət edir. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” uğurla tamamlanaraq, icra göstəricisi 92 faiz səviyyəsində qiymətləndirilib. İqlim dəyişmələri, su qıtlığı, qloballaşan dünyada qida təchizatı zəncirinin mürəkkəbləşməsi, yeni texnologiyaların tətbiqi qida təhlükəsizliyi sistemləri qarşısında yeni çağırışlar formalaşdırır. Qida təchizatı zəncirinin mürəkkəbləşməsi təhlükələrin vaxtında müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunmasına daha müasir və çevik yanaşmaların tətbiqini zəruri edir. Bu çağırışlar nəzərə alınaraq “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi, erkən xəbərdarlıq və rəqəmsal izlənilmə sistemlərinin inkişafı prioritet istiqamət olacaq. Proqram çərçivəsində qida zəncirinə nəzarətdə innovativ üsulların tətbiqinin genişləndirilməsi, dövlət informasiya sistemləri arasında inteqrasiyanın gücləndirilməsi və rəqəmsal həllərin tətbiqinin təkmilləşdirilməsi planlaşdırılır. Bununla yanaşı, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) məlumatların təhlili üçün süni intellekt modelinin hazırlanması, sahibkarlar tərəfindən rəqəmsal monitorinq sistemləri və sensor texnologiyaların tətbiqinin təşviqi, laboratoriya imkanlarının artırılması və yeni analitik metodların tətbiqi nəzərdə tutulur. İstehsal, emal və ictimai iaşə müəssisələrində HACCP sisteminin tətbiqinin genişləndirilməsi də qarşıdakı dövrdə əsas istiqamətlərdən biri olacaq. Beləliklə, qarşıdakı dövrdə əsas məqsəd yaranan yeni riskləri qabaqlamaq, qida zəncirinin bütün mərhələlərində nəzarətin səmərəliliyini artırmaq, müasir texnologiyalardan istifadə etməklə risklərin daha erkən müəyyənləşdirilməsini təmin etmək və əhalinin təhlükəsiz qida ilə davamlı təminatını gücləndirməkdir.

Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində İşçi Qrupun iclası keçirilib
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində İşçi Qrupun iclası keçirilib

Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin nəticələrinin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupun iclası keçirilib. Görüşdə zərərvericinin yayılma vəziyyəti, aparılan monitorinqlərin nəticələri və mübarizə tədbirlərinin səmərəliliyinin artırılması müzakirə olunub. Bildirilib ki, hazırda monitorinqlər intensivləşdirilib. Aparılan müşahidələr göstərir ki, havaların soyuması ilə əlaqədar zərərverici yaşayış evlərində, ictimai iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda toplanır. Qışlama dövründə zərərvericinin vaxtında aşkarlanıb məhv edilməsi onun populyasiyasını azaltmaqla növbəti vegetasiya dövründə yarana biləcək iqtisadi zərərin qarşısını alır. Görüşdə yerli əhali və sahibkarlar üçün maarifləndirici tədbirlərin keçirildiyi, zərərvericinin yayılma yolları və mübarizə üsulları barədə məlumat verildiyi qeyd olunub. Eyni zamanda, çap materiallarının paylanıldığı, media və sosial şəbəkələr vasitəsilə məlumatlandırma işlərinin aparıldığı diqqətə çatdırılıb.

Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb