AQTA əməkdaşları ilə Pakistan İslam Respublikası Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqat Nazirliyinin nümayəndə heyəti arasında görüş keçirilib
1 Sentyabr 2022 17:54


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Pakistan İslam Respublikası Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqat Nazirliyinin nümayəndə heyətləri arasında onlayn görüş keçirilib.
Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin imzalanması, qida məhsullarına verilən qida təhlükəsizliyi sertifikatlarının və baytarlıq nəzarətində olan yüklərə verilmiş baytarlıq şəhadətnamələrinin qarşılıqlı tanınması kimi bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə bir sıra yeni istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, ikitərəfli münasibətlərin və qarşılıqlı maraq doğuran fəaliyyət sahələri üzrə təcrübə mübadiləsinin miqyasının daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Sonda bitki, bitkiçilik və digər fitosanitar nəzarətə aid məhsulların ikitərəfli ticarəti ilə əlaqədar sanitar və fitosanitar tədbirlər, həmçinin digər istiqamətlərdə əlaqələrin inkişaf edəcəyinə əminlik ifadə edilib.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
