AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib
27 Noyabr 2024 11:03
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida obyektlərində “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin qurulmasının təmin edilməsi ilə bağlı sahibkarlara müraciət ünvanlayıb.
AQTA bildirir ki, müvafiq qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində, həmçinin qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. İri sahibkarlıq subyektləri müvafiq Qanun dərc olunduğu gündən, yəni 30 iyun 2022-ci il tarixindən 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il müddətində HACCP sistemini məcburi qaydada tətbiq etməlidirlər.
HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var. Belə ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. Kritik nəzarət nöqtələrini və onların kritik limitlərini müəyyənləşdirməklə və qeydlər aparmaqla, müəssisələrin biznes prosesləri haqqında məlumatları asanlıqla əldə etməsinə şərait yaradır. Qida təhlükəsizliyinə kollektiv yanaşmanı təşviq edir. Qida məhsullarının və qida məhsulları ilə təmasda olan səthlərin müəssisələrin daxili qida zənciri boyunca təhlükə və risk analizinin aparılmasını təmin edir. Müəssisələrdə təkmilləşdirmələrin aparılması üçün imkanlar və alətlər təqdim edir. İşçilər arasında qida təhlükəsizliyi anlayışlarının və vərdişlərinin yaradılması proseslərini sürətləndirir. Həmçinin HACCP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini təmin edir. İstehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılıq yaradır.
Qeyd edək ki, Agentlik tərəfindən müvafiq qida obyektlərində aparılan planlı yoxlamalar zamanı müəssisənin HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilir. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci maddəsinə əsasən aparılan təkrar yoxlama zamanı verilmiş göstərişlərin icrası vəziyyəti yoxlanılır və aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı təqdirdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib olunur.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində İşçi Qrupun iclası keçirilib
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin nəticələrinin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupun iclası keçirilib. Görüşdə zərərvericinin yayılma vəziyyəti, aparılan monitorinqlərin nəticələri və mübarizə tədbirlərinin səmərəliliyinin artırılması müzakirə olunub. Bildirilib ki, hazırda monitorinqlər intensivləşdirilib. Aparılan müşahidələr göstərir ki, havaların soyuması ilə əlaqədar zərərverici yaşayış evlərində, ictimai iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda toplanır. Qışlama dövründə zərərvericinin vaxtında aşkarlanıb məhv edilməsi onun populyasiyasını azaltmaqla növbəti vegetasiya dövründə yarana biləcək iqtisadi zərərin qarşısını alır. Görüşdə yerli əhali və sahibkarlar üçün maarifləndirici tədbirlərin keçirildiyi, zərərvericinin yayılma yolları və mübarizə üsulları barədə məlumat verildiyi qeyd olunub. Eyni zamanda, çap materiallarının paylanıldığı, media və sosial şəbəkələr vasitəsilə məlumatlandırma işlərinin aparıldığı diqqətə çatdırılıb.
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş