AQTA ictimai iaşə müəssisələrində nəzarət tədbirlərini davam etdirir
7 Noyabr 2024 15:19
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması və qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində AQTA tərəfindən dönərxanalarda hazırlanan dönərlərin təhlükəsizliyi prioritet məsələ olaraq daim nəzarətdə saxlanılır. Belə ki, bu ilin 10 ayı ərzində aparılan nəzarət tədbirləri çərçivəsində illik yoxlama planı üzrə 63, vətəndaşların şikayətləri və media subyektlərində yayımlanmış məlumatlar əsasında 64, sonuncu yoxlama zamanı aşkarlanmış nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlərin icra vəziyyətinin yoxlanılması ilə əlaqədar 10 olmaqla, ümumilikdə, 137 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb.
Nəzarət tədbirləri zamanı dönər hazırlanan bir sıra ictimai iaşə müəssisələrinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, çarpaz çirklənmənin baş verməsinin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, saxlama müddəti (yararlılıq müddəti) ötmüş və üzərində etiket məlumatları olmayan xammallardan istifadəyə yol verildiyi və digər bu kimi uyğunsuzluqlar aşkarlanıb. İnsan həyat və sağlamlığına mühüm təhlükə yaradan ciddi nöqsan aşkar edilmiş 17 müəssisənin fəaliyyəti müvafiq qərar qəbul edilərək məhdudlaşdırılıb, digər müəssisələrdə nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.
Yoxlamalarla yanaşı, istehlakçılara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsi məqsədilə cari ilin aprel ayından etibarən 6372 ictimai iaşə müəssisəsində və qida məhsullarının satıldığı ticarət obyektində monitorinq aparılıb. Bunlardan 1497-si ticarət, dönər satışı həyata keçirilən 813 qida obyekti də daxil olmaqla, 4875-i ictimai-iaşə müəssisəsində aparılıb. Eyni zamanda, ümumilikdə, 1103 olmaqla, otellərin ətrafında yerləşən 841 və metro stansiyalarının yanındakı 262 ictimai iaşə müəssisəsində qiymətləndirmə həyata keçirilib. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar edilmiş müəssisələrin rəhbərlərinə uyğunsuzluqların aradan qaldırılmasına dair müvafiq göstərişlər verilib. Hazırda bu istiqamətdə iş davam etdirilir.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində İşçi Qrupun iclası keçirilib
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin nəticələrinin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupun iclası keçirilib. Görüşdə zərərvericinin yayılma vəziyyəti, aparılan monitorinqlərin nəticələri və mübarizə tədbirlərinin səmərəliliyinin artırılması müzakirə olunub. Bildirilib ki, hazırda monitorinqlər intensivləşdirilib. Aparılan müşahidələr göstərir ki, havaların soyuması ilə əlaqədar zərərverici yaşayış evlərində, ictimai iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda toplanır. Qışlama dövründə zərərvericinin vaxtında aşkarlanıb məhv edilməsi onun populyasiyasını azaltmaqla növbəti vegetasiya dövründə yarana biləcək iqtisadi zərərin qarşısını alır. Görüşdə yerli əhali və sahibkarlar üçün maarifləndirici tədbirlərin keçirildiyi, zərərvericinin yayılma yolları və mübarizə üsulları barədə məlumat verildiyi qeyd olunub. Eyni zamanda, çap materiallarının paylanıldığı, media və sosial şəbəkələr vasitəsilə məlumatlandırma işlərinin aparıldığı diqqətə çatdırılıb.
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş