AQTA: İctimai iaşə və qida satışı müəssisələrində aşkar edilən nöqsanlar aradan qaldırılır
11 Sentyabr 2026 09:51
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib.
Belə ki, Bakı şəhərinin Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilən yoxlamalar zamanı müəyyən edilən nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülən tədbirlər nəticəsində müəssisələrdə aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb.
Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır:
• Fiziki şəxs Məmmədov Elvin Əli oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 40H ünvanında yerləşən “Təndirxana” ictimai iaşə müəssisəsi;
• Fiziki şəxs Qafarov Əşrəf Nüslət oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, 49A ünvanında yerləşən “Minkənd” kafesi;
• Fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi, ev 114, 114 saylı məktəbin yaxınlığında fəaliyyət göstərən “Unlu qənnadı məmulatların emalı və satışı” mağazası.
Oxşar xəbərlər
AQTA-nın rəsmi saytında yeni bölmə yaradılıb - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi internet səhifəsində sertifikat və şəhadətnamələrin həqiqiliyinin elektron qaydada yoxlanılmasına imkan verən “Sertifikatın yoxlanılması” adlı bölmə istifadəyə verilib. Yeni funksional imkan vasitəsilə sahibkarlar və digər maraqlı şəxslər sertifikatın həqiqiliyini əlavə müraciətə ehtiyac olmadan onlayn qaydada yoxlaya bilərlər. Bunun üçün sertifikatın seriyası və nömrəsi, növü (modul) və verilmə tarixi müvafiq bölmələrə daxil edilərək “Yoxla və Axtar” düyməsi seçilir. Sorğu əsasında sistemdə müvafiq sertifikat aşkar edilmədikdə bu barədə məlumat təqdim olunur. Sertifikat sistemdə mövcud olduqda isə onun həqiqiliyi təsdiqlənir və sertifikata aid sənəd və elektron fayllara çıxış imkanı yaradılır. Eyni zamanda, sistemdə müxtəlif dillərdə formalaşdırılmış sertifikatların müvafiq dil versiyaları da axtarış nəticəsində əks olunur. Yeni xidmət sertifikatların operativ və şəffaf şəkildə yoxlanılmasına, elektron sənədlərə əlçatanlığın artırılmasına və yoxlama prosesinin daha rahat həyata keçirilməsinə imkan yaradır. Daha ətraflı:
Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı təsdiqlənib
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Yeni Dövlət Proqramı əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi sisteminin daha da gücləndirilməsi, qida mənşəli xəstəlik və təhlükələrin azaldılması, istehlakçıların və sahibkarların məlumatlılığının artırılması, eləcə də Azərbaycanın qida məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə yönəlib. Proqramda qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə yeni normativ hüquqi aktların hazırlanması, sahibkarların yeni tələblər barədə məlumatlandırılması və qida zəncirinin bütün mərhələlərində təhlükəsizlik tələblərinin gücləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının əsas yeniliklərindən biri qida məhsullarının vahid izlənmə sisteminin yaradılmasıdır. "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" İnformasiya Sistemində (AQTİS) Vahid İzləmə Altsisteminin hazırlanması və qida zəncirində fəaliyyət göstərən subyektlərin bu sistemə qoşulması planlaşdırılır. Bununla məhsulun istehsaldan son istehlakçıya qədər hər mərhələdə izlənilməsi mümkün olacaq. Bu isə risk yarandıqda problemin mənbəyinin daha sürətli müəyyənləşdirilməsinə imkan verəcək. Pilot layihə qismində 50 qida subyektinin vahid izlənilməyə dair proqram təminatına qoşulması təmin ediləcək. Heyvanların identifikasiyası istiqamətində də yeni mərhələyə keçid nəzərdə tutulur. Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin əhatə dairəsi və funksionallığı genişləndiriləcək. Bu, heyvanların sağlamlıq vəziyyətinin daha effektiv izlənilməsinə, epizootiya əleyhinə tədbirlərin operativ həyata keçirilməsinə və heyvan mənşəli məhsulların izlənilməsinə imkan yaradacaq. Qida təhlükəsizliyi üzrə sanitariya norma və qaydalarının beynəlxalq tələblərə uyğunlaşdırılması davam etdiriləcək. Xüsusilə arıçılıq məhsullarına, o cümlədən bala dair beynəlxalq təcrübə əsasında yeni sanitariya norma və qaydalarının hazırlanması nəzərdə tutulur. Bu tədbirlər Azərbaycan balının və digər arıçılıq məhsullarının, eləcə də quşçuluq məhsullarının yeni xarici bazarlara çıxışına imkan yaradacaq. Bu məqsədlə yeni ixrac bazarları araşdırılacaq, həmin ölkələrin tələbləri öyrəniləcək və məhsulların ixracı üçün müvafiq icazələrin alınması istiqamətində işlər genişləndiriləcək. İstehsal, emal və ictimai iaşə müəssisələrində HACCP sisteminin tətbiqinin sürətləndirilməsi də Dövlət Proqramının əsas hədəflərindəndir. Bu sistem qida təhlükəsizliyi ilə bağlı risklərin əvvəlcədən müəyyənləşdirilməsinə və qarşısının alınmasına imkan verir. Proqram çərçivəsində qida təhlükəsizliyində müasir texnologiyalardan istifadənin genişləndirilməsi də planlaşdırılır. AQTİS-də risklərin təhlili üçün süni intellekt modelinin hazırlanması, həmçinin sahibkarlar tərəfindən rəqəmsal monitorinq sistemləri və sensor texnologiyaların tətbiqinin təşviqi nəzərdə tutulur. Qida təhlükəsizliyi sahəsində laboratoriya imkanlarının artırılması da diqqətdə saxlanılır. Mövcud dövlət laboratoriyalarının təkmilləşdirilməsi, yeni analitik metodların tətbiqi və yüksək biotəhlükəsizlik tələblərinə cavab verən laboratoriya kompleksi və vivariumun yaradılması nəzərdə tutulur. Yeni Dövlət Proqramında istehlakçıların məlumatlandırılmasına da xüsusi önəm verilir. Allergenlərin etiketlənməsinə nəzarətin gücləndirilməsi, sağlam qidalanma ilə bağlı maarifləndirmənin artırılması və qida təhlükəsizliyi üzrə məlumatlılığın yüksəldilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Ümumi təhsil müəssisələrində sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatların artırılması da nəzərdə tutulur. Beləliklə, 2027–2032-ci illər üçün Dövlət Proqramı qida təhlükəsizliyində daha müasir, rəqəmsal və risk əsaslı yanaşmanın tətbiqini sürətləndirəcək. Məhsulların izlənilməsi, heyvanların identifikasiyası, yeni sanitariya tələbləri, HACCP sisteminin genişləndirilməsi, süni intellekt və müasir laboratoriya imkanları qida təhlükəsizliyi sisteminin daha da gücləndirilməsinə xidmət edəcək. Proqramın icrasının əlaqələndirilməsi və nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçiriləcək.
AQTA ilə Litvanın müvafiq qurumu arasında təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Litva Respublikasının Dövlət Qida və Baytarlıq Xidməti (SFVS) arasında onlayn görüş keçirilib. Görüşdə heyvan sağlamlığı və biotəhlükəsizlik, epizootoloji monitorinq, heyvanların identifikasiyası və qeydiyyatı, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyi sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Xəstəlik ocaqlarının vaxtında aşkarlanması, peyvənd məlumatlarının rəqəmsal qeydiyyatı, risklərin təhlili və Coğrafi İnformasiya Sistemlərinin (CİS/GIS) tətbiqi istiqamətində Litvanın təcrübəsi diqqətə çatdırılıb. Eyni zamanda, identifikasiya tələblərinə əməl olunmasına nəzarət mexanizmləri və fermerlərin sistemə cəlb edilməsi yolları müzakirə olunub. Sonda tərəflər baytarlıq nəzarəti sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Giriş