AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında fındıq və badamın ixracına dair Protokol layihəsi imzalanıb
15 Oktyabr 2025 09:20
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) səfərləri ikitərəfli əlaqələrə yeni təkan verib, dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Çin Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir.
“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Çinə səfər edib. Məqsəd Azərbaycanın qida məhsullarının ixrac coğrafiyasının şaxələndirilməsidir. Belə ki, dünya bazarında yüksək keyfiyyəti və zəngin dadı ilə seçilən, Azərbaycanda yetişdirilən fındıq və badam artıq Çinə də ixrac olunacaq. Bununla əlaqədar AQTA ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasında keçirilən görüşdə “Azərbaycan Respublikasından Çin Xalq Respublikasına ixrac edilən fındıq və badamın yoxlanılması, karantini və sanitariya tələblərinə dair Protokol” layihəsi imzalanıb. Həmçinin tərəflər “İdxal və İxracda Qida Təhlükəsizliyi sahəsində Əməkdaşlıq Mexanizmi üzrə Sənəd Layihəsi”ni imzalayıblar.
Görüşdə quş əti, akvakulturada yetişdirən və vəhşi təbiətdən əldə olunan dəniz məhsulları, albalı, alma, xurma və narın ixracı ilə bağlı məsələlər müzakirə olunub. Əldə olunmuş razılaşmalar Azərbaycan məhsullarının ixracını həyata keçirmək istəyən sahibkarlar üçün geniş imkanlar açır.
Qeyd edək ki, AQTA-nın Aparat rəhbəri Məmmədrəhim Nəcəfov və sədrin müşaviri Elxan Mikayılov Şanxayda keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində idxal və ixracda qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair konfransda iştirak edirlər.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş